Политика

Parlamentdə davalar: “Səviyyən çatmır ki, burada dərs keçəsən” - VİDEO

Mərkəzi Seçki Komissiyası Milli Məclisə keçirilən növbədənkənar seçkilərin ilkin nəticələrini açıqlayıb.

Əvvəlki çağırışlarda Milli Məclisdə təmsil olunan şəxslərin bir çoxu növbədənkənar seçkilərdə qələbə qazandı.

Oxu.Az həmin şəxslərin əvvəlki çağırış parlamentdə söz atışmaları, “davaları” ilə bağlı yaddaqalan məqamları araşdırmağa çalışıb.

Ən çox söz davasına çıxan Oqtay Əsədovla Zahid Oruc olub. Onlar arasında mübahisə isə 2016-cı ilin iyunun 24-də Milli Məclisin növbədənkənar sessiyasında pik həddə çatıb.

Vəziyyət o həddə gəlib çıxıb ki, spiker Oqtay Əsədov Zahid Orucu “səviyyəsiz” adlandırıb.

Oqtay Əsədovun ən çox irad bildirdiyi deputatlardan biri də Fazil Mustafadır.

Hələ IV çağırış Milli Məclisin 2013-cü ilin dekabrın 3-də keçirilən iclasında Oqtay Əsədovla Fazil Mustafa arasında zarafata görə mübahisə yaranmışdı.

Fazil Mustafa söz alarkən spikerə “deyəsən, mən çıxışa yazılmayanda, müzakirələri dayandırırsınız” deyib. Spiker isə cavabında deputata deyib ki, o, özünü yüksək qiymətləndirir və digər deputatları aşağılayır.

F.Mustafa isə O.Əsədova cavabında deyib ki, o, həmin ifadəni zarafatla söyləyib.

Spikerin deputata cavabı isə xeyli sərt olub: “Mənim sizinlə zarafatım var? Nə zarafat? Mən zarafat etmirəm. Bizim zarafatımız yoxdur”.

Parlamentin 2015-ci ilin martın 17-də keçirilən iclasında Oqtay Əsədov Fazil Mustafanın çıxışına sətiraltı sözlərlə cavab verib.

Belə ki, Fazil Mustafanın “bəzilərinin hasarı çox hündür və qapıları kilidli olduğu üçün papaqlar hasarından keçmək mümkün olan evlərə atılır. İndi bu məsələni müzakirə etmək lazımdır ki, orta təbəqədən olan insanlar papaqların içini nə ilə doldursunlar?” deməsinə Oqtay Əsədov belə cavab verib:

“Papaq milli mentalitetdir və bu cür məsələləri müzakirə etmək məsləhət deyil. Sən fikirlərini milli mentalitetə toxunan məsələ kimi dedin. Vaxtilə bacadan da papaq atırdılar. Narahat olma, hansı qapıya papaq atsan, inanmıram ki, sənin papağın boş gəlsin”.

Həmin vaxt deputat Siyavuş Novruzov da məsələyə münasibət bildirib:

“Belə bir gündə hesab edirəm ki, tənqidə də o qədər ehtiyac qalmır. Gəlin, hesabata səs verək. Fazil Mustafa da getsin, papağını atsın”.

2016-cı ilin iyunun 14-də parlamentin iclasında deputat Fazil Mustafa ilə Milli Məclisin sədri Oqtay Əsədov arasında yenə gərginlik yaşanıb.

Fazil Mustafanın “Elm haqqında” qanun layihəsinin müzakirəsi zamanı magistrlərə hərbi xidmətdən möhlət hüququnun verilməməsini dəstəkləyən həmkarlarını qınayıb.

“Ancaq nə yaxşı ki bizim təhsilimizi, gələcəyimizi düşünən Prezidentimiz var. Millət vəkillərinin bütün çıxışları, protokolları durur. Yəqin ki, ölkə başçısı da millət vəkillərinin fikirlərindən sonra belə bir qərar qəbul edib. İctimaiyyətin fikrini nəzərə alıb. O, hər şeyi bizdən daha yaxşı görür. Biz burada nə dediyimizə fikir verməliyik ki, sonradan pis vəziyyətə düşməyək”.

Spiker Oqtay Əsədov isə deputatın fikirlərinə əsəbi şəkildə cavab verib:

“Əslində, möhlət hüquqi həmin qanunun predmeti deyildi. Ona görə də həmin qanundan çıxarılmalı idi. Möhlət hüququ məsələsi ilə bağlı qərar vermək səlahiyyəti də cənab Prezidentə məxsus idi. O, bunu nə zaman edəcəyinə özü qərar verir. Yəni indi kimsə özünü “geroy” hesab edib sinəsinə döyməsin ki, vaxtilə mən belə demişdim, elə demişdim. Bu məsələ ilə bağlı qərarı prezident verib və verir”.

Milli Məclisin bundan əvvəlki çağırışlarında Milli Məclis sədrinin birinci müavini vəzifəsini tutan Ziyafət Əsgərovla deputat Fəzail Ağamalı arasında da gərginlik yaranıb.

Parlamentin 2015-ci ilin fevralın 24-də keçirilən iclasında “Elm haqqında” qanun layihəsinin müzakirəsi zamanı Fəzail Ağamalı deyib ki, bu sənəd Azərbaycan elmini “ölü nöqtə”dən çıxaracaq.

“Elmdəki durğunluğu aradan qaldırmaq üçün Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti (indi keçmiş prezidenti – red.) Akif Əlizadənin çiyinlərinə ağır yük düşür”.

Ziyafət Əsgərov Fəzail Ağamalının fikirlərini etirazla qarşılayıb:

“Deyirsiniz ki, Azərbaycan elmi ölü vəziyyətindədir. Elədirsə, elm yoxdursa, siz özünüz diplomu necə, haradan almısınız?”

Fəzail Ağamalı yerdən replika ataraq ali təhsil diplomunu SSRİ zamanında aldığını bildirib.

Onun replikasına birinci vitse-spiker belə cavab verib:

“Onda qayıdaq sovet dövrünə?”

Sonradan Fəzail Ağamalı yerli mediaya müsahibəsində Ziyafət Əsgərovu tənqid edib. O bildirib ki, Ziyafət Əsgərovla tez-tez mübahisələri düşür. Fəzail Ağamalının sözlərinə görə, Ziyafət Əsgərov bir çox hallarda deputatların çıxışlarında yersiz müdaxilələr edir.

Ziyafət Əsgərov Fazil Mustafa ilə də tez-tez söz savaşına çıxanlardandır. Parlamentin 2019-cu ilin 22 oktyabrında keçirilən iclasında Fazil Mustafanı “sancıb”.

O, Fazil Mustafanı “oturduğu budağı laxlatmaqda” ittiham edib.

“Deputat saytlardan birinə müsahibəsində deyib ki, parlamentdə sosial şəbəkədə olan paylaşımlarımızı məhdudlaşdırırlar. Plenar iclas zamanı bizi səkkiz kamera çəkir, danışıqlarınız bu kameralar tərəfindən fiksə olunur.

İstənilən insan çıxışını alıb, paylaşa bilər. Buna heç bir məhdudiyyət yoxdur. Milli Məclis ciddi orqandır: Fazil Mustafa, siz burada “selfie”, foto çəkdirib özünüzü reklam etdirmək istəyirsinizsə, öz işinizdir. Bunu Milli Məclis rəhbərliyinin adına yazmayın. Bura “selfie” çəkmək yeri deyil, ciddi orqandır, burada qanunlar yaradılır”.

Həmin iclasda Fazil Mustafa özü iştirak etməmişdi. Amma elə sosial şəbəkə hesabından Ziyafət Əsgərova cavab verir.

O bildirib ki, Ziyafət Əsgərov Milli Məclisin sədrinin yanında nüfuzunu artırmaq üçün belə bir fədakarlıq göstərib.

Milli Məclisin 2016-cı ilin 29 noyabrında keçirilən iclasında Aqil Abbas deyib ki, ən çox söyülən deputatlar özü, Fazil Mustafa və Fəzail Ağamalıdır.

“Hesablamışam, internetdə atamın goruna 932 nəfər söyüb”, - deyə Aqil Abbas bildirib.

F.Ağamalı həmkarına sərt cavab verib:

“Aqil Abbasın səviyyəsi ona çatmır ki, burada millət vəkillərinə dərs keçsin. Hər dəfə sanki bizi burada qabağına qoyub dərs keçir”.

Fəzail Ağamalının qalmaqal yaşadığı digər həmkarı isə Fəzail İbrahimlidir.

Belə ki, 2017-ci ilin oktyabrında Bakının Nəsimi rayonunda Fəzail İbrahimlinin oğlu avtomobillə adam vurub.

Mətbuatda ilk məlumat belə yayılmışdı ki, maşınla adam vuran Fəzail Ağamalının oğlu Yalçındır.

F.Ağamalı isə buna etiraz etmişdi. O, adaşını və həmkarını yalançılıqda ittiham edib.

Fəzail Ağamalı deyib ki, oğlu Yalçının yol qəzası törətməsi haqda yalan məlumatı həmkarı İbrahimli ötürüb. O, bunu namərdlik adlandırıb.

“Sadəcə olaraq ona nə deyim? Görünür, bu onun həyat tərzidir. Fəzail İbrahimli üçün kiminsə kölgəsinə sığınmaq halları adi bir şeydir. Hər halda o iki gün ərzində təkzib edə bilərdi ki, gedən fikirlər yanlışdır”, - deyə əlavə edib.

Fəzail Ağamalı isə cavabında deyib ki, həmkarı əsəblərinə hakim deyil, qırmızı xətti keçir.

“Niyə mənim yox, Fəzail Ağamalının adı hallandı? Çünki harada şər, pislik, mənfilik varsa, o yada düşür... Vaxtilə onun Türkiyədə əlində dolları hara sürtdüyünü göstərən şəkli yayılmışdı. Fəzail Ağamalı yaşına-başına yaraşmayan hərəkətlər edir. Təəssüf ki, 70 yaşlı kişi gündəmdə qalmaq üçün belə açıqlamalar verir”.

Ümumiyyətlə, Oqtay Əsədov dəfələrlə deputatlara iclasda iştirak etməmələrinə görə, iclas zamanı telefonlardan istifadə etdiklərinə görə iradlarını bildirib.

Milli Məclisin 2016-cı ilin martın 4-də keçirilən iclasında Oqtay Əsədov İmamverdi İsmayılovu tənbeh edib:

Spiker millət vəkillərini aktiv olmağa çağırıb: O, deputat İmamverdi İsmayılovun iclası tez tərk etməsinə də iradını bildirib:

“İmamverdi, xeyir ola, hara gedirsən, iclas davam edir hələ”.

ГЛАВНЫЕ НОВОСТИ

Читайте больше интересных новостей