Спорт

Riad Rəfiyev: "Koronavirusun bundan pis təsiri ola bilməz" - MÜSAHİBƏ

"Sumqayıt" klubunun prezidenti və AFFA Klublar Komitəsinin sədri Riad Rəfiyevin "Report"a müsahibəsi

- Son qərara əsasən, Azərbaycan Premyer Liqasının oyunları aprelin 14-dək təxirə salınıb. Klublar Komitəsi onlayn iclas keçirib çempionatın bərpa olunacağı tarixlə bağlı müzakirə aparıbmı?

- Həm federasiya, həm Peşəkar Futbol Liqası, həm də klublarla əlaqə saxlayırıq. Eyni zamanda, öz futbolçularımızla da tez-tez danışırıq. Bilirsiniz ki, bu, dövlət səviyyəsində olan məsələdir. Rəsmi qurumların göstərişi var və bizim də işimiz ona əməl etməkdir. Çünki vətəndaşlarımızın sağlamlığı hər şeydən önəmlidir. Buna görə də dövlətimiz necə desə, elə edəcəyik.

- Qeyd etdiniz ki, klub rəsmiləri vəziyyəti müzakirə etmisiniz. Ümumi fikir, elə sizin özünüzün şəxsi fikriniz necədir?

- Hər şey vəziyyətdən asılıdır. Hamı bunu başa düşür. Ölkəmizdə koronavirusla bağlı vəziyyətin necə hal alacağı hələ bilinmir. Bizə ancaq gözləmək və hər ssenariyə hazırlaşmaq qalır.

- İndiki məqamda Klublar Komitəsi olaraq, çempionatın startı üçün nəzərdə tutulan təqribi tarix bilinirmi?

- Yox, bu barədə söhbət olmayıb. Sadəcə, onu bilirik ki, aprelin sonuna qədər ölkədə karantin rejimidir. Ondan sonra necə olacağını heç kim bilmir.

- Koronavirus pandemiyası demək olar ki, bütün sahələrə mənfi təsirini göstərib. Bu virusun futbola təsiri barədə nə deyə bilərsiniz?

- Ən böyük təsiri odur ki, futbolsuz qalmışıq. Bundan pis təsiri ola bilməz. Pandemiya sadəcə futbola deyil, bütün dünya iqtisadiyyatına böyük zərbə vurur. Bəlkə də idmana daha az təsir göstərir.

- Bu gün İrandakı vəziyyət hamıya məlumdur, cənub qonşular koronavirusdan ən çox əziyyət çəkən ölkələrdəndir. "Sumqayıt" klubunda cənubi azərbaycanlı futbolçular var. Yəqin ki, karantin rejiminə qədər ünsiyyətdə olduqları həmyerliləri olub. Bu mənada, komanda daxilində virus şübhəsi ilə həkimə müraciət edən, karantin altına alınan olubmu?

- Sevindirici haldır ki, belə bir şey yoxdur. Bütün futbolçularımız Bakıdadırlar. İranlı futbolçular ölkələrində sonuncu dəfə yay aylarında olublar. Ona görə də belə bir problem yoxdur.

- İranlı futbolçularda ölkələrindəki vəziyyətlə bağlı hansısa narahatçılıq varmı və ölkələrinə, yaxınlarının yanına getmək üçün kluba müraciət edənlər olub?

- Narahatlıq yalnız ona görədir ki, doğmaları, yaxınları Təbrizdə yaşayırlar. Özlərində İrana qayıtmaq kimi niyyət yoxdur. Bilirlər ki, hazırda Azərbaycanda qalmaları onlar üçün təhlükəsizlik baxımından daha faydalıdır.

- Koronavirusla Mübarizəyə Yardım Fondu yaradılıb. İdman adamlarından Fonda ianə edənlər var. Siz özünüz bu aksiyaya qoşulmusunuzmu və eləcə də klubdan digər şəxslər bu istiqamətdə hansısa addım atıblarmı?

- "Sumqayıt" sponsorun dotasiyası altında olan klubdur. Birbaşa sponsordan, təsisçidən maliyyələşirik. Bu mövzuda artıq klub daxilində söhbət aparmışıq. Kim istəsə, könüllü şəkildə fonda ianə edə bilər. Hətta bilirəm ki, artıq klubda bunu edənlər var. Eyni zamanda heç kimi məcbur etmirik. Belə bir şey yoxdur. Bütün futbolçular bundan məlumatlıdırlar.

- İanə edənlərin adlarını açıqlaya bilərsiniz?

- Mənim bunu deməyim düz deyil. Reklam xarakteri daşımasını istəmirik. Onsuz da həmin insanların adları orada yerləşdirilib. Siz özünüz də həmin saytda daxil olub baxa bilərsiniz. Fikrimcə, bunu reklam etmək düzgün olmaz.

- Bəs şəxsən özünüz necə, Fondun hesabına pul köçürmüsünüz?

- Yenə deyirəm, nə futbolçu, nə bir başqası, nə də mən bunu açıqlayacağam. Biz bunu kimlərinsə bilməsi üçün etməməliyik.

ГЛАВНЫЕ НОВОСТИ

Читайте больше интересных новостей