Общество

Ramil Səfərov kimdir - qurban, qatil, yoxsa qəhrəman? - Elçin Alıoğlu yazır

2004-cü ildə, Macarıstanda NATO-nun "Sülh naminə tərəfdaşlıq" proqramı çərçivəsində hərbçilər üçün inglis dili kurslarında olan baş leytenant Ramil Səfərov qətl törədib.

O, Mikloş Zrinya adına Macarıstan Milli Müdafiə Universitetinin yataqxanasında Ermənistan ordusunun 25 yaşlı leytenantı Qurgen Marqaryanı balta ilə öldürüb.

İstintaq materiallarına görə, 26 yaşlı R.Səfərov "yuxuda olan" Marqaryanı baltalayandan sonra 29 yaşlı erməni kapitan Hayk Makuçyanı da öldürmək istəyib. Amma Makuçyanın bəxti gətirib.
Hadisə səhər saat 5-də, yataqxananın 218/a otağında baş verib və əsas şahid macar Kuti Balaş olub.

Ramil Səfərov ömürlük həbs cəzası almışdı. O, 2012-ci ildə Azərbaycana ekstradisiya olunub.

Ramil cəzasız qaldı? Əsla, çünki 8 il həbsxanada oldu. Həyatının ən parlaq illərini məşum kamerada keçirdi, əməlinə görə ağır bədəl ödədi.

Macarıstan da daxil olmaqla, Avropa ölkələrində qətlin cəzası orta hesabla elə budur və ona görə də "cinayət-cəza" məsələsini bağlayaq, Ramili də Rodion Raskolnikov diskursunda müzakirə etməyək.

Yaşananlar, R.Səfərovla bağlı proses, ekstradisiyadan sonra baş verənlər - hamısı məlumdur.

Ramil Səfərov qəhrəmandırmı? Düşünmürəm. Əslən Cəbrayıl rayonundan olan, erməni işğalçılarının terrorunu, vəhşiliyini, sadistliyi və manyaklığını bilən Ramilin ailə üzvləri, qohumları Qarabağ faciəsini yaşayıblar.

Ramil Səfərov erməni terrorçunun, erməni işğalının və erməni vurdalaklığının qurbanıdır.

Məhkəmə bunu nəzərə almamışdı Budapeştdə.

Habelə, istintaq materiallarında bir sıra önəmli məqamlar da görməzdən gəlinmişdi.

Məsələn, Hayk Makuçyanla Qurgen Marqaryan o kurslarda sürəkli olaraq Azərbaycanı aşağılayır, azərbaycanlıların ünvanına təhqiramiz ifadələr işlədirdilər. Onlar hətta Azərbaycan bayrağını ayaq altına ataraq tapdalamışdılar da.

Ramil ermənini öldürməli idimi? İndi asanlıqla, rahatlıqla "yox" yazmaq bəsitdir.

O zaman, orada olsaydım və ermənilərin həmin hərəkətlərini görsəydim, nə edərdim? Bildiyim dillər, oxuduğum kitablar, aldığım humanist və tolstoyçu tərbiyə işimə yarardımı?

Əsla düşünmürəm.

Ramilin məhkəməsinin protokollarını oxumuşam. O dönəmdə Budapeştdə idim.

Protokollarda yazılanlar, Budapeştdə ermənilərin məhkəməyə təzyiq və medianı ələ almaq üçün etdikləri əməlləri görəndə yazmışdım: "Ramil haqlıdır. Hələ gec edib"

Yadımdadır, fransız, ispan, ingilis dostlarım məni xeyli qınamışdılar, amma sonra onlara protokollarda yazılanları danışanda susmuşdular.

Ramil Səfərov qatildirmi? Yox.

Uşaq olanda rus dilinin incəliklərini bizə öyrədən müəllimimiz vardı - Aleksandra Narışkina. Zadəgan xanımdı, elə rus zadəganlarının nəslindən idi. Ən çox sevdiyi şair Marina Svetayeva idi "Şairə yox, şairdi Marina" deyərdi bu qadın.

Həddən ziyadə zərif, incə, kövrək qəlbli, insan həyatını və ləyaqətinin hər şeydən üstün olduğunu bizə təlqin edən xanımdı.

Konstantin Simonovun "Almanı öldür" şeiri var. Oxumağınız məsləhətdir. Şeirdə deyilir: "Heç olmasa bir alman öldür, harada gördün, öldür, nə qədər görsən, o qədər öldür!"

Simonov manyak, qaniçən, militar adam deyildi, bilaəks. Fəqət, dinc insanlara divan tutan, ağlagəlməz vəhşiliklər edən nasistləri o dönəmdə öldürmək gərəkdi. Harada gördünsə, öldürmək.

 

Erməni terrorçu alman nasizmindən də betərdir.

Dinc, silahsız erməniyə əsla əl qaldırmam. Qaldırmamışam da.
Amma silahlı, "Qarabağ bizimdir!" deyən, millətimi və vətənimi aşağılayan, millətimi və vətənimi yox etməyə üstlənən varlığı öldürmək mübahdır.

Düşməndir, məni, ailəmi, sevdiklərimi öldürməyə gəlib. Ulusumu, yurdumu viran qoymağa gəlib.

Beləsi harada olursa-olsun, əfi ilan misalı başı əzilməlidir.

Ermənilərin azərbaycanlılarla nə zamansa "normal" münasibətlərdə olduğuna və illah da ki, nə zamansa olacaqlarına inanmıram.

Humanist, Avropa dəyərlərini anlayan və o dəyərlərlə yaşayan biri olsam da.

Çünki mən ermənini əla tanıyaram. Həm "dinc" həyatda qonşu olmuşam onlarla, həm də Qarabağda, savaşda görmüşəm onları. Daha sonra ən müxtəlif ölkələrdə, ən müxtəlif ortamlarda, beynəlxalaq tədbirlərdə, təşkilatlarda və s.

Çox görmüşəm və o gördüklərim məni dəfələrlə öldürüb.

Ermənilər bizə qarşı vəhşi, "son nəfərədək" prinsipi ilə savaşıblar, indi də elədir.

Onlar azərbaycanlı körpələri süngüləmək, hamilə azərbaycanlı xanımları baltalamaq, yaralı əsgərlərimizin üzərindən maşınla keçmək, qocaların gözlərini armaturla ovmaq üçün səhərin açılmasını gözləməyiblər.

Erməni kimi olmamalıyıq.

Erməniyə qarşı olmalıyıq - insanlıqda, şəfqətdə, qətiyyətdə, iradədə.

Ermənilər indi Avropa İnsan Haqları Məhkəməsinin Ramillə bağlı qərarını, yəni Azərbaycanın təzminat ödəməsini nəzərdə tutan hökmünü bayram edirlər, mənəvi qələbə sayırlar.

Halonki mənəvi qalib Ramildir.

Zatən insanlıq da elə budur - Elem Klimovun "Get və bax" filmində Hitlerin uşaqlıq fotosuna atəş aça bilməyən, amma nasistlərə divan tutan Florian, Rober Enrikonun "Le Vieux Fusil" filmində diri-diri yandırılan arvadının və güllələnmiş qızının cəsədlərini görən cərrah Jülyen Dandyö kimi.

Nə Florian, nə də Jülyen adam öldürəcəklərini ağıllarına da gətirməzdilər.

Amma öldürürlər - adamlıqdan çıxan düşməni.

Ramil kimi...

Və...

A la guerre comme à la guerre!

Elçin Alıoğlu
Milli.Az

ГЛАВНЫЕ НОВОСТИ

Читайте больше интересных новостей