28 nəfərin öldüyü faciə ilə bağlı Azərbaycan vətəndaşı saxlanılıb
· 1 mənbə
Bakı. Trend:
Şimali Kipr Türk Respublikasında (ŞKTR) 28 nəfərin ölümü ilə nəticələnən “Filo Jet” gəmi faciəsi ilə bağlı istintaq çərçivəsində axtarışda olan Azərbaycan vətəndaşı S.S. Qazimaqusa limanında saxlanılıb.
Trend İHA-ya istinadən xəbər verir ki, gəminin keçmiş heyət üzvü S.S. başqa şirkətə məxsus gəmi ilə Qazimaqusa limanına gələrək ŞKTR-yə daxil olmaq istəyərkən saxlanılıb. O, Girnə Rayon Məhkəməsinə çıxarılıb. Məhkəmə onun istintaq çərçivəsində bir gün həbsdə saxlanılmasına qərar verib.
Məlumata görə, S.S. ekspertlərin gəminin çevrilməsinə səbəb olduğunu bildirdikləri sınığı ilk görən şəxs olub. O, iyunun 12-də zədənin fotosunu çəkərək gəminin ikinci kapitanı Merve Nur Seraslana göndərib. S.S. iyulda “Filo Jet”dəki işindən ayrılıb.
İstintaq çərçivəsində S.S.-nin mobil telefonu yoxlanılacaq, gəmidəki zədə ilə bağlı göndərdiyi foto və mesajlar araşdırılacaq.
“Filo Jet” avqustun 30-da Girnə sahillərində çevrilib. Faciə nəticəsində 28 nəfər həyatını itirib.
Mənbə: Trend · 26.11.2026, 17:45 · orijinal məqalə