Abşeron qaz yatağı ilə bağlı yeni saziş təsdiqləndi

· 2 mənbə

Milli Məclisin bu gün keçirilən plenar iclasında Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Abşeron” dəniz blokunun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında yenilənmiş Sazişin təsdiq edilməsi barədə qanun layihəsi müzakirəyə çıxarılıb.

Modern.az xəbər verir ki, sənəd 2026-cı il sentyabrın 26-da Bakıda Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) ilə “TotalEnergies EP Absheron B.V.”, “SOCAR Absheron” və Birləşmiş Ərəb Əmirliklərinin “ADNOC International ProjectCo 1 RSC Limited” şirkətləri arasında imzalanmış dəyişdirilmiş və yeni redaksiyada tərtib olunmuş Sazişin və onun 12 əlavəsinin qəbul edilməsini nəzərdə tutur.

Qanun layihəsinə əsasən, sənəd qüvvəyə mindikdən sonra podratçı tərəflərə kontrakt sahəsində neft-qaz əməliyyatları aparmaq üçün müstəsna hüquq veriləcək və bu sahə üzrə əvvəllər bağlanmış digər sənədlərin hüquqi qüvvəsi ləğv olunacaq.

Eyni zamanda, Saziş, ona edilmiş əlavələr və 2009-cu il fevralın 27-də imzalanmış ilkin redaksiya üzrə Nazirlər Kabinetinin verdiyi hökumət təminatı qanun qüvvəsi alır. Sənəddə qeyd olunur ki, Sazişin müddəaları ona zidd olan digər yerli normativ aktlardan üstün tutulur və podratçı tərəflərin əldə etdiyi hüquqlar onların qabaqcadan yazılı razılığı olmadan dəyişdirilə bilməz.

Layihə iştirakçılarına öhdəliklərin icrası üçün bütün zəruri lisenziyalar, gömrük icazələri və vizalar da təqdim olunacaq.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə qoyulub və yekdilliklə qəbul edilib.

Mənbə: Modern.az · 24.11.2026, 11:50 · orijinal məqalə

Bu barədə kim yazır

Modern.az saytında oxu