Adil Əliyevin səyyar görüşləri davam edir
· 1 mənbə
Noyabrın 24-də Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev Yeni Suraxanı qəsəbəsində yerləşən 85 nömrəli, Hövsan qəsəbəsində yerləşən 172 nömrəli tam orta ümumtəhsil məktəblərində sakinlərlə görüşüb.
“Qafqazinfo” xəbər verir ki, görüşdə RİH başçısının müavinləri, şöbə və sektor müdirləri, qəsəbə nümayəndələri və bələdiyyə sədrləri, dövlət orqanlarının yerli idarələrinin və xidmət sahələrinin rəhbərləri, qəsəbə sakinləri iştirak ediblər.
RİH başçısı görüşlər zamanı çıxış edərək bildirib ki, dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyası bütün regionlarla yanaşı, Bakı şəhərinin rayonlarında da əhalinin rifah halının yüksəldilməsinə, infrastrukturun müasirləşdirilməsinə və ictimai xidmətlərin keyfiyyətinin artırılmasına yönəlib.
Bu istiqamətdə qəbul olunan dövlət proqramları haqqında məlumat verən Adil Əliyev sakinləri proseslərdə fəallığa, icra orqanları ilə əməkdaşlığa və vətəndaş həmrəyliyinə çağırıb.
Səyyar görüşlərdə sakinlərin səsləndirdikləri müraciət və təkliflər dinlənilib, qaldırılan məsələlər məsul şəxslərin iştirakı ilə araşdırılaraq onların həlli ilə bağlı görüləcək tədbirlər müəyyənləşdirilib.
Mənbə: Qafqazinfo · 24.11.2026, 17:24 · orijinal məqalə