Ali Məhkəmə həkimin səhlənkarlığına görə cinayət məsuliyyəti məsələsinə aydınlıq gətirib
· 2 mənbə
Ali Məhkəmənin Cinayət kollegiyası həkim vəzifəsində çalışmış şəxsin səhlənkarlıq və vəzifə saxtakarlığında ittiham olunmasına dair cinayət işi üzrə vahid məhkəmə təcrübəsini müəyyən edən qərar qəbul edib. Ali Məhkəmədən Xezerxeber.az-a verilən məlumata görə, irəli sürülmüş ittihama əsasən, həkim mama-ginekoloq öz xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməyərək, hamilə qadının doğuşdan əvvəlki vəziyyətini düzgün qiymətləndirməyib və zəruri müayinə üsullarını seçməyib. Belə ki, dölün ana bətnində kəskin hipoksiya (oksigen çatışmazlığı) vəziyyətində olması təxirəsalınmaz cərrahi müdaxilə üçün tibbi göstəriş olduğu halda, həkim əməliyyatın vaxtında həyata keçirilməsini təmin etməyib. Nəticədə ana bətnindən vaxtında götürülməyən döl əməliyyatdan qısa müddət sonra perinatal mərkəzdə ölüb. Həkim daha sonra cinayət məsuliyyətindən yayınmaq və yol verdiyi səhlənkarlığı ört-basdır etmək məqsədilə doğuşun gedişini və nəticələrini əks etdirən, rəsmi sənəd hesab olunan “Doğum tarixi” sənədinə bilə-bilə həqiqətə uyğun olmayan məlumat daxil edib. Belə ki, dölün perinatal mərkəzə daxil olarkən diri olması ekspertiza rəyləri, şahid ifadələri və tibbi sənədlərdə ürək döyüntüsünün eşidilməsinə dair qeydlərlə təsdiqləndiyi halda, həkim tərəfindən qəbul zamanı dölün ölü olması barədə qeyd aparılıb. Birinci instansiya məhkəməsinin hökmü ilə həkim Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı) və 314.2-ci (ağır nəticələrə səbəb olan səhlənkarlıq) maddələri ilə təqsirli bilinib, 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunub. Hökmdən müdafiəçi tərəfindən apellyasiya şikayəti verilib. Apellyasiya instansiyası məhkəməsi həkimin cinayət qanunvericiliyində nəzərdə tutulan vəzifəli şəxs statusuna malik olmadığı qənaətinə gələrək birinci instansiya məhkəməsinin hökmünü vəzifə saxtakarlığına dair hissədə ləğv edib və əməlində cinayət tərkibi olmadığına görə ona Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə bəraət verib. Bununla yanaşı, məhkəmə şəxsin Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə tövsif edilmiş əməlini həmin Məcəllənin 142.4-cü maddəsinə tövsif edib. Nəticədə Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə həkim müəyyən fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilmədən 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunub. Apellyasiya instansiyası məhkəməsinin hökmündən kassasiya protesti verilib. Ali Məhkəmənin Cinayət kollegiyası iş üzrə apellyasiya instansiyası məhkəməsinin hökmünün qanuniliyini və əsaslılığını yoxlayaraq cinayət-hüquqi tövsifin aparılması və cinayət qanununun geriyə qüvvəsinin tətbiqi zamanı maddi və prosessual hüquq normalarının tələblərinin pozulduğu qənaətinə gəlib. Məhkəmə kollegiyası qeyd edib ki, apellyasiya instansiyası məhkəməsi şəxsə qarşı irəli sürülmüş ittiham üzrə cinayət tərkibinin bütün elementlərini qarşılıqlı əlaqədə araşdırmayıb. Xüsusilə, vəzifə saxtakarlığı ilə bağlı ittiham üzrə əməlin obyektiv cəhətini yoxlamadan, yalnız şəxsin vəzifəli şəxs statusuna malik olmamasını əsas götürərək ona bəraət verib.
Mənbə: Xəzər Xəbər · 27.11.2026, 10:38 · orijinal məqalə