Argentina Folklend adaları yaxınlığında neft hasilatına görə 5 şirkətə sanksiya tətbiq edəcək
· 1 mənbə
Argentina hökuməti mübahisəli Malvin (Folklend) adaları yaxınlığında neft hasilatı layihəsində iştirak etdiklərinə görə İsrailin beş şirkətinə qarşı sanksiya proseduruna başlayıb.
"Report" xəbər verir ki, bu barədə Argentina Prezident Administrasiyasının mətbuat xidməti məlumat yayıb.
Məhdudlaşdırıcı tədbirlərin tətbiqinə əsas kimi adıçəkilən şirkətlərin Argentinanın iddiasına görə, ölkənin kontinental şelfində icazəsiz karbohidrogen hasilatı ilə məşğul olan "Navitas Petroleum LP" şirkətinin kapitalında iştirak etməsi göstərilib.
Sanksiya proseduru "Migdal Mutual", "Phoenix Excellence Pension and Provident", "Harel Mutual Funds", "Ayalon Mutual Funds" və "Pasternak Shoham Equity" şirkətlərinə qarşı başladılıb.
Yeni tədbirlər nəzərə alınmaqla, barələrində sanksiya proseduru başladılan şirkətlərin, səhmdarların və təchizatçıların sayı 65-i ötüb.
Argentina hökuməti həmçinin Milli Konqresi mübahisəli arxipelaq ərazisində neft hasilatına görə sanksiyaların sərtləşdirilməsini nəzərdə tutan qanun layihəsinin müzakirəsini sürətləndirməyə çağırıb.
Kontinental şelf ətrafında mübahisə adaların təxminən 220 kilometr şimalında yerləşən böyük neft yatağının işlənməsini nəzərdə tutan "Sea Lion" layihəsinin həyata keçirilməsinə hazırlıq fonunda kəskinləşib.
Layihə Folklend adalarının hakimiyyət orqanlarının verdiyi lisenziyalar əsasında İsrailin "Navitas Petroleum" və Britaniyanın "Rockhopper Exploration" şirkətləri tərəfindən həyata keçirilib. Arxipelaq üzərində Böyük Britaniyanın suverenliyini mübahisələndirən Argentina isə bu fəaliyyəti dəfələrlə qanunsuz adlandırıb.
Mənbə: Report · 29.11.2026, 03:49 · orijinal məqalə