Avropa Komissiyasının nümayəndəsi: Aİ Naxçıvan dəmir yolu üzrə texniki araşdırma aparır, bu, region üçün strateji layihədir - MÜSAHİBƏ

· 1 mənbə

Avropa Komissiyasının Mobillik və Nəqliyyat üzrə Baş Direktorluğunun rəhbəri Maqda Kopçinskanın APA-ya eksklüziv müsahibəsi

Azərbaycan Aİ-nin strateji nəqliyyat tərəfdaşı kimi

– Azərbaycan Avropa ilə Mərkəzi Asiya və daha geniş region arasında əlaqə yaradan mühüm nəqliyyat və logistika mərkəzi kimi getdikcə daha çox ön plana çıxır. Avropa İttifaqı mövcud geosiyasi və iqtisadi şəraitdə Azərbaycanın artan strateji əhəmiyyətini necə qiymətləndirir?

– Azərbaycan Orta Dəhliz boyunca strateji mövqeyinə görə Avropa İttifaqının regionda əsas tərəfdaşlarından biridir. Hətta Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen iyul ayında Bakıya səfəri zamanı Cənubi Qafqazı Avropa, Xəzər dənizi və Mərkəzi Asiyanı birləşdirən dünyanın ən mühüm strateji qovşaqlarından biri kimi xarakterizə edib. O, həmçinin Azərbaycanın regional əməkdaşlığın inkişafına təkan vermək üçün əlverişli mövqeyə malik olduğunu qeyd edib. Bu fikirlə mən də öz fəaliyyət sahəm – nəqliyyat və turizm istiqamətində tamamilə razıyam. Azərbaycan Avropa İttifaqının Regionlararası Konnektivlik Gündəliyinin ayrılmaz hissəsidir. Bu gündəliyin əsas məqsədi Türkiyə, Qara dəniz və Cənubi Qafqaz vasitəsilə Avropa ilə Mərkəzi Asiya arasında nəqliyyat, enerji və rəqəmsal əlaqələri gücləndirmək, bununla da dayanıqlılığı, təhlükəsizliyi və səmərəliliyi artırmaqdır. Beləliklə, nəqliyyat sahəsi və Orta Dəhlizin inkişafı Avropa İttifaqı ilə Azərbaycan arasında ümumi maraqların əsas istiqamətlərindən biridir. Bu, həm də hər iki tərəfin strateji hədəflərinin üst-üstə düşdüyü və ortaq ambisiyalarının birləşdiyi sahədir.

Orta Dəhlizin inkişaf perspektivləri və regional əməkdaşlıq

– Orta Dəhliz Avropa ilə Asiya arasında alternativ ticarət marşrutu kimi böyük əhəmiyyət qazanıb. Avropa İttifaqı bu dəhlizin uzunmüddətli inkişafında Azərbaycanın hansı rolunu görür və onun digər əsas nəqliyyat marşrutları ilə rəqabət apara bilən alternativə çevrilməsi üçün hansı konkret addımlar atılmalıdır?

– Dəyişən geosiyasi reallıqlar fonunda Orta Dəhliz bu gün artıq sadəcə bir arzu yox, strateji zərurətə çevrilib. Azərbaycan Avropa ilə Asiyanı birləşdirən bu mühüm marşrutun mərkəzində yerləşir. Orta Dəhlizin uğuru məhz regionda baş verən proseslərdən asılıdır. Bu baxımdan Bakı Limanının yükötürmə qabiliyyətinin artırılması, səmərəli dəmir yolu əlaqələrinin qurulması, sərhəd-keçid prosedurlarının sadələşdirilməsi və rəqəmsal sənədləşmə sistemlərinin tətbiqi xüsusi əhəmiyyət daşıyır. Bizim ümumi məqsədimiz biznes subyektləri üçün daha sürətli, daha proqnozlaşdırıla bilən və daha rəqabətqabiliyyətli nəqliyyat dəhlizinin yaradılmasıdır. Biz iddialı hədəflər müəyyən etmişik: 2030-cu ilə qədər ticarət dövriyyəsinin həcmini üç dəfə artırmağı, yükdaşımaların tranzit müddətini əhəmiyyətli dərəcədə azaltmağı və ticarət marşrutlarını şaxələndirməyi planlaşdırırıq. Bu çərçivədə tranzit müddətinin təxminən 15 günə endirilməsi nəzərdə tutulur.

Bununla belə, Orta Dəhliz yalnız marşrut boyunca yerləşən bütün ölkələrin birgə əməkdaşlığı şəraitində özünün tam potensialını reallaşdıra bilər. Məhz buna görə də Avropa İttifaqı son dövrlərdə keçirilən bir sıra mühüm tədbirlərdə Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələrindən tutmuş Türkiyə və Qara dəniz regionunadək geniş tərəfdaşlar qrupunu bir yerə toplayıb. Azərbaycanın bu mühüm tədbirlərdə iştirakı isə yüksək qiymətləndirir.

Naxçıvan dəmir yolu layihəsinin perspektivləri

– Avropa İttifaqı Cənubi Qafqazda nəqliyyat əlaqələrinin inkişafına “Global Gateway” təşəbbüsü çərçivəsində dəstək verməyə hazır olduğunu dəfələrlə bəyan edib. Hazırda Avropa Komissiyasının Azərbaycanda prioritet hesab etdiyi konkret nəqliyyat infrastrukturu layihələri hansılardır və Azərbaycan nə qədər maliyyə dəstəyi gözləyə bilər?

– İyul ayında Avropa Komissiyası “Sülh vasitəsilə Konnektivlik” paketini elan edib. Bu paket Cənubi Qafqaz boyunca nəqliyyat, enerji və rəqəmsal bağlantıların inkişafı üçün “Global Gateway” təşəbbüsü çərçivəsində 200 milyon avroyadək qrant ayrılmasını, eləcə də 2 milyard avroyadək investisiyanın səfərbər edilməsini nəzərdə tutur. Bu, daha genişmiqyaslı səylərin bir hissəsidir. “Global Gateway” strategiyası çərçivəsində Aİ regionda dövlət və özəl sektor investisiyalarının ümumilikdə 12 milyard avroyadək səfərbər edilməsini hədəfləyir. Bu, artıq həyata keçirilməkdə olan işlərin davamı olacaq. Konkret layihəyə nümunə olaraq qeyd edə bilərəm ki, hazırda Aİ Azərbaycanla Naxçıvan dəmir yolu layihəsinin inkişafı istiqamətində əməkdaşlıq edir və bu layihə üzrə texniki-iqtisadi əsaslandırma araşdırması aparılır. Bu dəmir yolu region üçün strateji əhəmiyyət daşıyan layihə və tərəfdaşlığımızın əsas prioritetlərindən biridir. Tədqiqat hazırda davam edir və uğurla irəliləyir. Nəticələri səbirsizliklə gözləyirəm. Onların qarşıdakı aylarda açıqlanacağını gözləyirik.

Layihə Naxçıvanın iqtisadi potensialının reallaşdırılmasına, Orta Dəhlizin dayanıqlılığının gücləndirilməsinə, eləcə də Cənubi Qafqazın həm Mərkəzi Asiya, həm də Avropa bazarlarına daha sıx inteqrasiyasına imkan yarada bilər. Biz Orta Dəhlizin inkişafına töhfə verə biləcək digər prioritet nəqliyyat layihələri, o cümlədən Bakı Limanının genişləndirilməsi istiqamətində Azərbaycanla əməkdaşlığa hazırıq. Bu istiqamətdə əsas istinad sənədimiz Azərbaycanda genişləndirilmiş Trans-Avropa Nəqliyyat Şəbəkəsidir. Bu şəbəkə Azərbaycanın əsas nəqliyyat marşrutlarının həm region daxilində, həm də Avropa İttifaqının nəqliyyat şəbəkəsi ilə fasiləsiz və səmərəli əlaqələndirilməsini, eləcə də vahid standartlar əsasında inkişaf etdirilməsini təmin edir.

Orta Dəhlizdə rəqəmsallaşma və tranzit maneələrinin aradan qaldırılması

– İnfrastrukturun tikintisindən əlavə, Avropa İttifaqı Orta Dəhliz boyunca mövcud olan əsas maneələrin, o cümlədən sərhəd-keçid prosedurlarının, gömrük rəsmiləşdirilməsinin, rəqəmsallaşmanın və müxtəlif nəqliyyat operatorları arasında koordinasiyanın təkmilləşdirilməsi istiqamətində hansı addımları atır?

– Mövcud maneələrin aradan qaldırılması həm fiziki infrastrukturun inkişafı, həm də qeyri-infrastruktur tədbirləri üzrə irəliləyiş tələb edir. Təkcə infrastrukturun inkişafı dəhlizin rəqabətqabiliyyətli olmasını təmin etməyəcək. Bir neçə sərhədi keçən və müxtəlif nəqliyyat növləri arasında daşınan yüklərin hərəkəti hələ də kağız sənədlərdən və pərakəndə prosedurlardan asılıdır. Bu isə yüklərin uzun müddət gözləməsinə, xərclərin artmasına və yükdaşıyanlar üçün proqnozlaşdırmanın çətinləşməsinə səbəb olur. Bu səbəbdən bir sıra qeyri-infrastruktur əlaqəlilik tədbirlərinin artıq hazırlanmasından məmnunam və regiondakı tərəfdaşlarımıza dəstək göstərməyə hazırıq. Məsələn, Avropa İttifaqında bütün üzv dövlətlərin müvafiq qurumları yaxın vaxtlarda sertifikatlaşdırılmış platformalar vasitəsilə elektron formada təqdim olunan yük məlumatlarını qəbul etməli olacaqlar. Bu, Azərbaycanı dəstəkləyə biləcəyimiz və qarşılıqlı uyğunluğun ən yaxşı şəkildə necə təmin olunacağını birlikdə araşdıra biləcəyimiz istiqamətlərdən biridir.

Regional nəqliyyat əlaqələri və davamlı sülh

– Cənubi Qafqaz regional bağlantılar və iqtisadi əməkdaşlıq baxımından yeni mərhələyə qədəm qoyur. Avropa Komissiyası Azərbaycan və Ermənistan arasında nəqliyyat əlaqələrinin inkişafını regional sabitliyin gücləndirilməsi və Avropa ilə Asiya arasında yeni ticarət marşrutlarının yaradılması baxımından nə dərəcədə mühüm fürsət hesab edir?

– Aİ bütün Cənubi Qafqaz ölkələrini birləşdirən inklüziv yanaşma çərçivəsində ticarət və nəqliyyat marşrutlarının şaxələndirilməsini dəstəkləyir. Bu, həm Avropa İttifaqı daxilində Trans-Avropa Nəqliyyat Şəbəkəsi çərçivəsində, həm də dünya üzrə həyata keçirdiyimiz bütün konnektivlik təşəbbüslərində əsas götürdüyümüz yanaşmadır.

2025-ci ilin avqustunda Vaşinqtonda paraflanmış saziş regionda nəqliyyat əlaqələrinin inkişafı üçün real imkanlar açır. Nəqliyyat bağlantıları Cənubi Qafqazda həm davamlı sülhün təmin olunmasına şərait yaradan amil, həm də onun möhkəmlənməsinin təminatçısı ola bilər. Bu bağlantılar coğrafi yaxınlığı iqtisadi fürsətə çevirir və ölkələr arasında əməkdaşlıqda ortaq maraq formalaşdırır. Bu, həmçinin Cənubi Qafqaz vasitəsilə Orta Dəhliz boyunca əlaqələrin şaxələndirilməsinə imkan verəcək yeni nəqliyyat bağlantılarının yaradılmasına yol açır. Bu isə Avropa ilə Asiya arasında ticarətin daha dayanıqlı olmasına, vahid marşrutdan asılılığın azaldılmasına və Avropa ilə Mərkəzi Asiyanı 15 gün və ya daha az müddətdə birləşdirmək məqsədimizə yaxınlaşmağa şərait yaradacaq. Aİ regionda Trans-Avropa Nəqliyyat Şəbəkəsinin genişləndirilməsi və Regionlararası Bağlantı Gündəliyi vasitəsilə investisiyalar və vahid standartlar əsasında bu nəqliyyat əlaqələrinin inkişafını dəstəkləməyə hazırdır. Məqsəd bu bağlantıların bütün regionun maraqlarına xidmət etməsini təmin etməkdir. Biz, həmçinin regionda konkret nəqliyyat və bağlantı layihələrini dəstəkləyən “Konnektivlik vasitəsilə sülh” paketi çərçivəsində bu yanaşmanı təşviq edirik.

Azərbaycan və Aİ arasında aviasiya sazişi üzrə danışıqlar

– Avropa İttifaqı ilə Azərbaycan arasında Ümumi Aviasiya Məkanı haqqında Saziş üzrə danışıqlar ikitərəfli nəqliyyat əməkdaşlığının mühüm istiqamətlərindən biri olub. Bu danışıqlar hazırda hansı mərhələdədir və azərbaycanlı sərnişinlər və aviaşirkətlər belə bir sazişin real faydalarını nə vaxt hiss edə biləcəklər?

– Bu, əlbəttə ki, bu həftə nazir cənab Rəşad Nəbiyevlə keçirdiyimiz görüşün gündəliyində əsas müzakirə mövzularından biri idi. Hazırda yalnız onu deyə bilərəm ki, irəliləyiş əldə edirik, lakin danışıqlar hələ də davam edir. Bizim tərəfimizdən əminik ki, bu saziş Aİ ilə Azərbaycan arasında hava nəqliyyatı əlaqələrinin inkişafına və çox ehtiyac duyulan nəqliyyat konnektivliyinin gücləndirilməsinə mühüm töhfə verəcək.

Aİ–Azərbaycan nəqliyyat dialoqunun nəticələri və yeni əməkdaşlıq istiqamətləri

– Aİ–Azərbaycan Yüksək Səviyyəli Nəqliyyat Dialoqundan Bakıda hansı konkret nəticələri gözləyirsiniz? Yeni sazişlərin imzalanması, layihələrin elan edilməsi və ya konkret investisiya öhdəliklərinin götürülməsi gözlənilirmi?

– İlk növbədə qeyd etmək istərdim ki, üçüncü Nəqliyyat Dialoqumuz çərçivəsində Bakıda olmaq mənim üçün böyük məmnunluqdur. Azərbaycanın nəqliyyat qovşağına çevrilmək ambisiyalarının reallığa çevrildiyi məkanı görməkdən çox şadam. Ötən il Brüsseldə nazir Rəşad Nəbiyev və onun komandası ilə görüşümüzdən bəri əməkdaşlığımız nəzərəçarpacaq dərəcədə intensivləşib. Bu həftə keçirilən dialoq əldə olunmuş tərəqqini qiymətləndirmək və birgə öhdəliyimizi bir daha təsdiqləmək üçün yaxşı fürsət oldu. Əməkdaşlığın davam etdirilməsi və daha da genişləndirilməsi baxımından ortaq maraqlarımızın aydın şəkildə müəyyən edildiyi əsas istiqamətlər, xüsusilə regional bağlantılar, rəqəmsallaşma və aviasiyadır. Biz, xüsusilə, Orta Dəhlizin prioritet infrastruktur layihələri, o cümlədən Bakı Limanı və Naxçıvan dəmir yolu üzrə əldə olunan irəliləyişlərə diqqət yetirdik. Həmçinin regionda baş verən son hadisələri nəzərə almaq məqsədilə Azərbaycanda genişləndirilmiş Trans-Avropa Nəqliyyat Şəbəkəsinə mümkün yeniliklərin və dəyişikliklərin daxil edilməsini araşdırmaq barədə razılığa gəldik. Burada ümumi məqsədimiz daha səmərəli, dayanıqlı və ekoloji cəhətdən davamlı Orta Dəhliz yaratmaqdır.

Aviasiya sahəsində dialoq zamanı Aİ–Azərbaycan Ümumi Aviasiya Məkanı haqqında Saziş üzrə danışıqların hazırkı vəziyyətini və sazişin yekunlaşdırılması üçün atılmalı növbəti addımları müzakirə etdik. İndi komandalarımız bu məsələ ilə bağlı texniki səviyyədə əlavə müzakirələr aparacaq. Nəhayət, əməkdaşlığın digər istiqamətlərini, xüsusilə dayanıqlı aviasiya yanacaqları, nəqliyyat sənədlərinin rəqəmsallaşdırılması və dəmir yolu standartları sahəsində əməkdaşlığın genişləndirilməsi imkanlarını araşdırmaq barədə razılığa gəldik.

Mənbə: APA · 28.11.2026, 10:54 · orijinal məqalə

Bu barədə kim yazır

APA saytında oxu