Azər Türk Bank X Beynəlxalq Bankçılıq Forumunda iştirak edib - FOTOLAR
· 2 mənbə
Dövlət bankı "Azər-Türk Bank” ASC-nin İdarə Heyəti Bakıda keçirilən X Beynəlxalq Bankçılıq Forumunda ("IBF 2026”) iştirak edib.
"Etibarlı, təhlükəsiz və dayanıqlı bankçılıq” mövzusuna həsr edilən beynəlxalq tədbir regionun aparıcı maliyyə qurumlarını, tənzimləyici orqanların nümayəndələrini, yerli və xarici ekspertləri bir araya gətirib.
Forum çərçivəsində maliyyə sektorundakı innovasiyalara həsr olunmuş sərgidə Azər Türk Bank öz stendi ilə təmsil olunub.
Bankın stendində korporativ və pərakəndə bankçılıq seqmentləri üzrə məhsul və xidmətlər, innovativ maliyyə həlləri forum iştirakçılarına təqdim edilib.
Korporativ bankçılıq istiqamətində biznesin maliyyələşdirilməsi və ticarət əməliyyatlarının dəstəklənməsinə yönəlmiş bank qarantiyaları, akkreditivlər və faktorinq məhsulları barədə ətraflı məlumat verilib. Xüsusilə, 2,5 milyon manatadək bank qarantiyalarının girovsuz və bir gün ərzində rəsmiləşdirilməsi imkanı, eləcə də yerli və beynəlxalq ticarət əməliyyatlarında ödəniş risklərinin azaldılmasına xidmət edən akkreditivlərin üstünlükləri diqqətə çatdırılıb.
Həmçinin, Bankın təchizat zəncirinin 100% həcminədək maliyyələşdirilməsi üzrə həlli təqdim olunub. Bu məhsul yerli və xarici təchizatçılara ödəniş müddətini gözləmədən, faktura dəyərinin 100%-dək məbləğində, girov tələbi olmadan üç gün ərzində maliyyələşmə əldə etmək imkanı yaradır. Sözügedən maliyyə həlləri biznesin dövriyyə kapitalına olan ehtiyacının qarşılanmasına, likvidliyin təmin edilməsinə və ticarət əməliyyatlarının daha etibarlı həyata keçirilməsinə xidmət edir.
Pərakəndə bankçılıq seqmenti üzrə isə yeni məhsul və xidmətlər, eləcə də yenilənmiş atb360 mobil tətbiqi forum iştirakçılarına nümayiş etdirilib.
Xüsusi diqqət atb360 mobil tətbiqinin yeni unikal funksionallığına – Ailə bankçılığı konsepsiyasına, ailə kartına və digər yeniliklərə ayrılıb. Xatırladırıq ki, Azər Türk Bank müştərilərin istifadəsinə verdiyi Ailə bankçılığı məhsulu bir ailənin bütün üzvlərinin maliyyə vəsaitlərini, xərclərini və qənaətlərini vahid bir platforma və ya ortaq hesablar üzərindən rahatlıqla idarə etməsini mümkün edir.
Stenddə quraşdırılmış xüsusi lazer qravür avadanlığı vasitəsilə forum iştirakçıları Bank tərəfindən onlara təqdim edilən kartları öz zövqlərinə uyğun fərdiləşdirmək imkanı əldə etdilər. Bu interaktiv təşəbbüs iştirakçılara unikal müştəri təcrübəsi qazandırmaqla yanaşı, Bankın fərdi yanaşma prinsipini də ön plana çıxardı.
Tədbir Azərbaycan Banklar Assosiasiyası, "Mastercard" beynəlxalq kart təşkilatı ilə əməkdaşlığı çərçivəsində, Azərbaycan Mərkəzi Bankının, eləcə də İqtisadi İslahatların Təhlili və Kommunikasiyası Mərkəzinin dəstəyi ilə baş tutub.
Azər Türk Bank X Beynəlxalq Bankçılıq Forumunun işində ənənəvi olaraq rəsmi tərəfdaş kimi iştirak edib.
Mənbə: Azxeber · 25.11.2026, 15:02 · orijinal məqalə