Azərbaycan Beynəlxalq Xizək və Snoubord Federasiyası ilə qış turizminin inkişafını müzakirə edib
· 1 mənbə
Azərbaycan və Beynəlxalq Xizək və Snoubord Federasiyası (FIS) arasında qış turizminin və qış idman növlərinin inkişaf perspektivləri, beynəlxalq təcrübənin öyrənilməsi və əməkdaşlıq imkanlarının genişləndirilməsi müzakirə edilib.
"Report" xəbər verir ki, bu barədə Dövlət Turizm Agentliyi məlumat yayıb.
Məlumata görə, müzakirələr agentlik yanında Azərbaycan Turizm Bürosunun (ATB), "Şahdağ Turizm Mərkəzi" QSC-nin və Azərbaycan Qış İdman Növləri Federasiyasının nümayəndələrinin iştirakı ilə ötən gün İsveçrənin Sürix şəhərində baş tutub.
Seminar çərçivəsində tərəflər ölkəmizin qış turizmi potensialı, dağ-xizək turizminin inkişafı, mövcud infrastrukturun təkmilləşdirilməsi, eləcə də Azərbaycanın beynəlxalq qış turizmi istiqaməti kimi mövqeyinin gücləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Müzakirələr zamanı, həmçinin turizmin inkişafına dair dövlət proqramı çərçivəsində qış turizminin inkişaf istiqamətləri, beynəlxalq standartların tətbiqi və aidiyyəti qurumlar arasında əməkdaşlıq imkanlarına diqqət yetirilib.
Mənbə: Report · 28.11.2026, 13:11 · orijinal məqalə