Azərbaycan və Gürcüstan arasında dini sahədə əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub

· 1 mənbə

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Gürcüstanın Dini Məsələlər üzrə Dövlət Agentliyinin sədri Zaza Vaşakmadze ilə görüşüb.

Bu barədə "Report"a Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, görüşdə Azərbaycan və Gürcüstan arasında mövcud olan dostluq və mehriban qonşuluq münasibətlərinin dini sahədə əməkdaşlığın inkişafına verdiyi töhfələr, eləcə də iki ölkənin müvafiq dövlət qurumları arasında əlaqələrin genişləndirilməsi perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Dövlət Komitəsinin sədri Ramin Məmmədov Azərbaycanda formalaşmış dövlət-din münasibətləri modeli, dini etiqad azadlığının təmin olunması, dini konfessiyaların fəaliyyətinin dəstəklənməsi və ölkədə hökm sürən tolerantlıq mühitindən bəhs edib. O, Azərbaycanda yaşayan gürcü icmasının dövlətin diqqət və qayğısı ilə əhatə olunduğunu, dini məbədlərdə təmir-bərpa işlərinin aparıldığını, eləcə də dini bayramların yüksək səviyyədə qeyd edilməsinə şərait yaradıldığını diqqətə çatdırıb. Ramin Məmmədov, həmçinin Gürcüstanda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyindəki Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən təşkil edilən iftar mərasimlərinin xalqlarımız arasında dostluq, qarşılıqlı hörmət və anlaşma münasibətlərinin möhkəmləndirilməsinə xidmət etdiyini vurğulayıb.

Zaza Vaşakmadze Azərbaycanda dövlət-din münasibətlərinin hüquqi müstəvidə tənzimlənməsi istiqamətində həyata keçirilən siyasətin yüksək qiymətqiymətləndiyini qeyd edib. O, Azərbaycanda dini sahədə formalaşmış qanunvericilik bazasının tənzimlənməsi mexanizmlərinin Gürcüstan üçün də maraq doğurduğunu, bu istiqamətdə tərəfdaşlığın genişləndirilməsinin mühüm əhəmiyyət daşıdığını bildirib.

Görüşdə, Azərbaycan və Gürcüstan arasında dini sahədə əlaqələrin bundan sonra da inkişaf etdirilməsinin zəruriliyi qeyd olunub, qarşılıqlı səfərlərin intensivləşdirilməsi, mövcud imkanlardan səmərəli istifadə edilməsi perspektivləri müzakirə edilib.

Mənbə: Report · 24.11.2026, 16:58 · orijinal məqalə

Bu barədə kim yazır

Report saytında oxu