Azərbaycan və Gürcüstan XİN başçıları görüşüb
· 1 mənbə
Nazirlər regional nəqliyyat və logistika əlaqələrinin gücləndirilməsində Orta Dəhlizin strateji rolunu qeyd edib, Bakı-Tbilisi-Qars dəmir yolunun Gürcüstan hissəsində modernləşdirmə işlərinin başa çatmasını alqışlayıblar. Xalqlar arasında təmasların, turizm, təhsil, elm, mədəniyyət və idman sahələrində əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyi də vurğulanıb. Nazirlər regional və beynəlxalq proseslər ətrafında fikir mübadiləsi apararaq, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı hörmət və dəstəyə əsaslanan Azərbaycan-Gürcüstan əməkdaşlığından məmnunluqlarını ifadə ediblər. Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli formatı da daxil olmaqla, regional əməkdaşlıq platformalarının əhəmiyyəti qeyd olunub. Müzakirələr zamanı Cənubi Qafqazda sülh və sabitliyin təmin edilməsi, regional iqtisadi əməkdaşlığın və tranzit əlaqələrinin genişləndirilməsi istiqamətində səylərə də toxunulub. Nazir Ceyhun Bayramov qarşı tərəfi Azərbaycanın Ermənistanla iqtisadi əlaqələrin inkişaf etdirilməsi istiqamətində atdığı konkret addımlar, o cümlədən tranzit məhdudiyyətlərinin aradan qaldırılması və Gürcüstan vasitəsilə Ermənistana neft məhsullarının ixracına başlanılması barədə məlumatlandırıb. Gürcüstanın bu prosesə verdiyi töhfə yüksək qiymətləndirilib. Nazir Ceyhun Bayramov, həmçinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən bərpa və quruculuq işləri, keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışı və mina təhlükəsindən irəli gələn çağırışlar barədə məlumat verib. Nazirlər qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında da fikir mübadiləsi aparıblar.
Mənbə: Xəzər Xəbər · 24.11.2026, 18:20 · orijinal məqalə