Azərbaycanda 465 mediator və 81 mediasiya təşkilatı fəaliyyət göstərir
· 1 mənbə
Azərbaycanda 465 mediator və 81 mediasiya təşkilatı fəaliyyət göstərir.
"Report"un Türkiyə bürosu xəbər verir ki, bunu Azərbaycan Mediasiya Şurasının Mediatorlarla və mediasiya təşkilatları ilə iş departamentinin müdiri Kamil Lətifov Ankarada keçirilən Türk Dünyası Arabulucular (Mediasiya) Birliyinin II Şurasında bildirib.
O qeyd edib ki, Azərbaycanda mediasiya institutu 2020-ci ildə Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılıb və qısa müddətdə bu sahədə mühüm nəticələr əldə olunub.
K.Lətifovun sözlərinə görə, hazırda ölkədə 465 mediator və bütün regionları əhatə edən 81 mediasiya təşkilatı fəaliyyət göstərir. Bu təşkilatlar işğaldan azad edilmiş ərazilərdə də mediasiya xidmətlərinin inkişafına töhfə verir.
O vurğulayıb ki, mediasiya institutunun inkişafı məhkəmələrin iş yükünün azaldılması, eləcə də vətəndaşlar arasında mübahisələrin alternativ yollarla həlli baxımından mühüm əhəmiyyət daşıyır.
Türk dünyası ölkələri arasında əməkdaşlığa toxunan K.Lətifov bildirib ki, Azərbaycan Qazaxıstan, Özbəkistan və Türkmənistanın mediasiya sahəsindəki təcrübəsindən yararlanmaq məqsədilə onlayn təlimlər təşkil edir. Bu çərçivədə həmin ölkələrin mütəxəssisləri bilik və təcrübələrini azərbaycanlı mediatorlarla bölüşürlər.
Onun sözlərinə görə, Türk dünyasında mediatorların fəaliyyəti üzrə ümumi standartların müəyyənləşdirilməsi də müzakirə olunan əsas məsələlərdəndir. Bu məqsədlə müxtəlif ölkələrdə görüşlər keçirilir, qarşılıqlı səfərlər və təcrübə mübadiləsi həyata keçirilir: "Məsələn, Özbəkistanın Mediasiya Şurasının yaradılmasında Azərbaycanın müvafiq qanunundan istifadə olunub".
K.Lətifov əlavə edib ki, Azərbaycan mediasiya sahəsində beynəlxalq əməkdaşlıq təşəbbüslərini dəstəkləməklə yanaşı, öz təcrübəsini digər Türk dünyası ölkələri ilə bölüşməyə də hazırdır.
YENİLƏNİR
Mənbə: Report · 27.11.2026, 14:31 · orijinal məqalə