Azərbaycanda dələzduzluqla mübarizə üçün platforma yaradılır
· 1 mənbə
Azərbaycan Mərkəzi Bankı (AMB) mərkəzləşdirilmiş dələduzluq əleyhinə (anti-fraud) platformasının tamdəyərli fəaliyyətini ən geci 2030-cu ilədək təmin etməyi planlaşdırır.
Bu barədə çərşənbə günü Bakıda keçirilən X Beynəlxalq Bankçılıq Forumunda Azərbaycan Mərkəzi Bankının Rəqəmsal dələduzluğun qarşısının alınması və monitorinqi şöbəsinin rəisi Elvin Cuvarov bildirib.
Onun sözlərinə görə, mərkəzləşdirilmiş anti-fraud platformasının yaradılması tənzimləyicinin üçillik strateji planlarına daxildir və fəaliyyətinin aktual istiqamətlərindən biridir.
“Layihənin hazırlanması zamanı Avropanın, Şərqi Avropanın, Mərkəzi Asiyanın və digər regionların inkişaf etmiş ölkələrinin təcrübəsi öyrənilir. AMB bu sahədə müxtəlif xarici təşkilatlarla da görüşlər keçirir və təcrübə mübadiləsi aparır.
Platformanın konsepsiyasına əsasən, o, yalnız banklar, ödəniş təşkilatları, elektron pul təşkilatları və Mərkəzi Bank arasında məlumat mübadiləsini deyil, həmçinin çarpaz monitorinq, risklərin qiymətləndirilməsi və risk skorinqi mexanizmlərini də təmin edəcək. Bundan əlavə, platforma maliyyə təşkilatlarının müştərilərin iştirak etdiyi ayrı-ayrı dələduzluq halları üzrə birgə tədbirlərinin elektron formata keçirilməsinə imkan verəcək”, – deyə o bildirib.
E.Cuvarovun sözlərinə görə, bu, məlumat mübadiləsinin şəffaflığını və dələduzluğa qarşı mübarizə üzrə birgə tədbirlərin effektivliyini artırmağa imkan verəcək. O əlavə edib ki, bu cür təcrübə artıq bir sıra ölkələrdə tətbiq olunur və öz effektivliyini sübut edib.
Mənbə: Banker.az · 25.11.2026, 20:55 · orijinal məqalə