Azərbaycanda nizamnamə kapitalı 1 mln. manat olan yeni BOKT yaradıldı – Rəhbərliyi kimdir?

· 1 mənbə

Azərbaycanda “BOA Finance” adlı yeni bank olmayan kredit təşkilatı (BOKT) yaradılıb. Şirkətin nizamnamə kapitalı 1 milyon manat təşkil edir.

Banker.az xəbər verir ki, 20 noyabr 2026-cı ildə təsis edilmiş “BOA Finance” MMC-nin rəhbərliyinə Samir Mustafayev Fariz oğlu gətirilib.

Samir Mustafayev eyni zamanda problemli borcların idarə edilməsi üzrə ixtisaslaşmış “BOA Agency” ASC-nin direktorudur. Hər iki şirkətin hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal küçəsi 36D-də yerləşir.

Samir Mustafayev 2011-ci ilin dekabrından “BOA Agency”yə rəhbərlik edir. Bundan əvvəl 2004–2011-ci illərdə “Thames Insurance Group”un İdarə Heyətinin sədri, 1997–2004-cü illərdə “Yeni Tex” MMC-nin baş direktoru, 1995–1997-ci illərdə isə Dövlət Yol Fondunda mütəxəssis vəzifəsində çalışıb. O, Azərbaycan Memarlıq və İnşaat Universitetində avtomobil yolları və aerodromların tikintisi ixtisası üzrə ali təhsil alıb.

“BOA Agency”nin səhmdarları Rüstəm Hacıyev (40%), İlkin Qəribli (40%) və Ramin Hacıyevdən (20%) ibarətdir. Şirkətin 2026-cı ilin ikinci rübünün sonunda 300 əməkdaşı olub. Bununla belə, “BOA Finance”in təsisçilərinin pay bölgüsü hələ məlum deyil.

Mərkəzi Bankın BOKT-lər üçün müəyyən etdiyi minimum kapital tələbi əvvəlki 300 min manatdan 1 milyon manata yüksəlib. Beləliklə, “BOA Finance” tələb olunan minimum kapitalla yaradılıb.

Qanunvericiliyə əsasən, BOKT-lərin kredit verməsi üçün Mərkəzi Bankın lisenziyası tələb olunur. Lisenziya müraciətinə 30 gün müddətində baxılır. “BOA Finance”in lisenziya aldığına dair məlumat yoxdur.

Mərkəzi Bankın son lisenziya verdiyi təşkilatlardan biri “Hermes BOKT” MMC-dir. Təşkilat 12 noyabr 2026-cı ildə BKT-52 nömrəli lisenziya alıb.

Mənbə: Banker.az · 27.11.2026, 15:50 · orijinal məqalə

Bu barədə kim yazır

Banker.az saytında oxu