Azərbaycanda QHT və fondların yaradılması ilə bağlı yeni təklif var

· 1 mənbə

Bakı. Trend:

Azərbaycanda ictimai birlik və fondların yalnız bir növ üzrə yaradılması təklif edilir.

Trend-in müxbirinin xəbərinə görə, bu, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin iclasında müzakirə olunan “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Layihəyə əsasən, ictimai birliklər peşə, sosial-humanitar, mədəniyyət və incəsənət, təhsil və elm, ekologiya, hüquq, iqtisadi sahələr üzrə, eləcə də qanunla müəyyən edilmiş digər növlərdə yaradıla biləcəklər.

Fondların isə ictimai faydalı fond, xeyriyyə fondu və qanunla müəyyən edilmiş digər növlərdə yaradılması nəzərdə tutulur.

Dəyişiklik layihəsində qeyd olunur ki, ictimai birlik və fond yalnız bir növdə yaradıla biləcək.

Hazırda qüvvədə olan qanunvericilikdə QHT-lərin növləri konkret olaraq təsnif edilmir. Mövcud qanuna əsasən, qeyri-hökumət təşkilatları daimi əsaslarla və ya konkret məqsədlərə nail olmaq üçün təsis oluna bilərlər. Təklif olunan dəyişikliklə isə ictimai birlik və fondların fəaliyyət istiqamətlərinə uyğun növlər üzrə təsnifləşdirilməsi nəzərdə tutulur.

Mənbə: Trend · 26.11.2026, 17:43 · orijinal məqalə

Bu barədə kim yazır

Trend saytında oxu