Azərbaycanın turizm imkanları İstanbulda tanıdılıb

· 1 mənbə

Azərbaycanın turizm imkanları bu gün Türkiyənin İstanbul şəhərində keçirilən "Uzakrota Global 2026" beynəlxalq turizm tədbirində təqdim olunub.

"Report" bu barədə Dövlət Turizm Agentliyinə istinadən xəbər verir.

Məlumata görə, agentlik yanında Azərbaycan Turizm Bürosunun (ATB) Türkiyədəki rəsmi nümayəndəlik ofisi tədbirdə üç yerli turizm sənayesi nümayəndəsi və ölkənin milli aviadaşıyıcısı "Azərbaycan Hava Yolları" (AZAL) QSC ilə birgə xüsusi stendlə təmsil olunub.

Tədbirdə Azərbaycanın ilboyu səyahət imkanları Türkiyə və digər ölkələrin turizm sənayesi nümayəndələrinin diqqətinə çatdırılıb. Görüşlər zamanı mövcud işgüzar əlaqələrin möhkəmləndirilməsi, yeni əməkdaşlıq imkanlarının dəyərləndirilməsi və B2B əlaqələrinin genişləndirilməsi məsələləri müzakirə olunub.

Böyük Britaniya, MDB ölkələri, Balkan regionu, Avropa və Yaxın Şərqdən 15 min turizm sənayesi nümayəndəsini və 150 spikeri bir araya gətirən "Uzakrota Global 2026" tədbirində turoperatorlar, işgüzar turizm (MICE), aviasiya, hotelçilik, onlayn səyahət agentlikləri, turizm texnologiyaları və milli turizm qurumlarının nümayəndələri iştirak ediblər.

Tədbir çərçivəsində yeni turizm trendləri müzakirə olunub, təcrübə mübadiləsi aparılıb və beynəlxalq əməkdaşlıq əlaqələrinin inkişafına dair görüşlər keçirilib. Bu ilin yanvar-oktyabr aylarında Türkiyədən Azərbaycana səfər edənlərin sayı 403 615 nəfər təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,9 % çoxdur.

Mənbə: Report · 27.11.2026, 16:09 · orijinal məqalə

Bu barədə kim yazır

Report saytında oxu