“Beşiktaş” şərfinə görə tələbələrə hücum etdilər
· 1 mənbə
Gürcüstanın Batumi şəhərində iki türkiyəli tələbəyə hücum edilib.
“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə 3-4 nəfərlik qrupun həmin tələbələrdən boyunlarında olan “Beşiktaş” klubuna məxsus şərflərini çıxarmağı tələb etməsindən sonra başlayıb.
Tələbi yerinə yetirməkdən imtina edən tələbələr hücuma məruz qalıb, onlardan biri isə çiynindən bıçaq yarası alıb. Hadisə yerinə polis və tibb briqadaları göndərilib. Xəstəxanaya çatdırılmış yaralı tələbənin vəziyyətinin yaxşı olduğu bildirilib.
Türkiyənin Batumidəki Baş Konsulluğu isə hadisə ilə bağlı Gürcüstan rəsmiləri ilə görüş keçirib.
Xatırladaq ki, noyabrın 26-da Batumidə keçirilən “Beşiktaş”-“Hapoel Beer-Şeva” qarşılaşmasında Fələstin bayrağı açan türkiyəli azarkeşlərə Gürcüstan polisi sərt müdaxilə edib. Polis azarkeşlərə qarşı bibər qazından istifadə edib, qarşılaşma isə 40 dəqiqəlik fasilədən sonra bərpa olunub. Matç “Beşiktaş”ın 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Mənbə: Qafqazinfo · 28.11.2026, 11:59 · orijinal məqalə