Bethovenin ölüm səbəbi - 200 illik sirr saçlarında imiş
· 1 mənbə
Dünyaca məşhur bəstəkar Lüdviq van Bethovenin ölümündən təxminən 200 il sonra saxlanılan saç nümunələri onun sağlamlıq problemləri ilə bağlı yeni məlumatlar ortaya çıxarıb.
Modern.az xəbər verir ki, "ScienceAlert"in məlumatına görə, alimlər bəstəkara məxsus olduğu təsdiqlənən saç nümunələrində Hepatit B virusu, həmçinin yüksək miqdarda qurğuşun və digər ağır metallar aşkarlayıblar.
2023-cü ildə aparılan genetik araşdırmalar bəzi saç nümunələrinin Bethovenə deyil, başqa şəxslərə aid olduğunu üzə çıxarıb. Təsdiqlənmiş nümunələrdə isə Hepatit B infeksiyasının izləri tapılıb. Alimlər bu infeksiyanın bəstəkarın qaraciyər problemlərini ağırlaşdırmış ola biləcəyini düşünürlər.
2024-cü ildə aparılan başqa bir araşdırmada Bethovenin saç nümunələrindən birində qurğuşunun miqdarının normal göstəricidən 95 dəfə çox olduğu müəyyən edilib. Həmçinin yüksək miqdarda arsen və civə aşkarlanıb.
Tədqiqatçıların fikrincə, ağır metallara məruz qalma bəstəkarın eşitmə itkisinə, qarın ağrılarına və həzm problemlərinə səbəb olmuş yaxud bu narahatlıqları ağırlaşdırmış ola bilər.
Bethoven 1827-ci ildə vəfat edib. Yeni araşdırmalar onun səhhətindəki problemlərə müəyyən aydınlıq gətirsə də, Hepatit B və ağır metal zəhərlənməsinin ölümünə birbaşa səbəb olduğunu təsdiqləyən kifayət qədər sübut yoxdur. Buna görə də bəstəkarın ölümünün dəqiq səbəbi hələ də sirr olaraq qalır.
Mənbə: Modern.az · 29.11.2026, 18:00 · orijinal məqalə