Bu il onları itirdik

· 1 mənbə

Bakı. Trend:

Azərbaycanın Xalq artisti Elmira Şabanova vəfat edib. 86 yaşında dünyasını dəyişən sənətkar 2026-cı ildə vəfat edən sayca altıncı Xalq artistidir.

Bu il Azərbaycan mədəniyyətinin daha beş tanınmış nümayəndəsi – Xalq artistləri Rasim Balayev, Maqsud Məmmədov, Tofiq Bakıxanov, Aleksandr Şarovski və Zaur Rzayev də vəfat ediblər.

Görkəmli kino aktyoru, Azərbaycan Kinematoqrafçılar İttifaqı İdarə Heyətinin sədri, Dövlət Mükafatı laureatı, Prezidentin fərdi təqaüdçüsü, Xalq artisti Rasim Balayev martın 29-da müalicə olunduğu Türkiyənin İstanbul şəhərində vəfat edib. 1948-ci il avqustun 8-də Ağsu rayonunda anadan olan aktyor 1969-cu ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirib, 1972-ci ildən “Azərbaycanfilm” kinostudiyasında fəaliyyətə başlayıb. O, “Nəsimi”, “Babək”, “Dədə Qorqud”, “Otel otağı”, “Cavid ömrü” və digər filmlərdə yaratdığı obrazlarla Azərbaycan kino sənətində özünəməxsus yer tutub.

Görkəmli baletmeyster, Xalq artisti, Prezidentin fərdi təqaüdçüsü Maqsud Məmmədov aprelin 13-də, ömrünün 97-ci ilində vəfat edib. 1929-cu il mayın 30-da Gəncədə anadan olan sənətkar Moskva Xoreoqrafiya Məktəbini bitirdikdən sonra 1951–1961-ci illərdə Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti kimi fəaliyyət göstərib. O, Xalq artisti Rəfiqə Axundova ilə birlikdə Azərbaycan balet sənətinin inkişafına mühüm töhfələr verib.

Xalq artisti, görkəmli bəstəkar, pedaqoq, professor Tofiq Bakıxanov avqustun 23-də, ömrünün 96-cı ilində vəfat edib. 1930-cu il dekabrın 8-də Bakıda anadan olan bəstəkar Azərbaycan Dövlət Konservatoriyasında skripka və bəstəkarlıq ixtisasları üzrə təhsil alıb, sonuncu ixtisası Qara Qarayevin sinfində bitirib. O, üç balet, beş simfonik muğam, səkkiz simfoniya, 26 konsert, çoxsaylı mahnı və romansların müəllifi olub, yarım əsrdən artıq Bakı Musiqi Akademiyasında pedaqoji fəaliyyət göstərib.

Xalq artisti, rejissor və aktyor Aleksandr Şarovski sentyabrın 9-da, ömrünün 79-cu ilində vəfat edib. 1948-ci il fevralın 10-da Bakıda anadan olan sənətkar 1968–1973-cü illərdə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunda ingilis dili və ədəbiyyatı üzrə təhsil alıb. O, 1976-cı ildən Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında çalışıb, 1993-cü ildən ömrünün sonunadək həmin teatrın baş rejissoru olub.

Xalq artisti, tanınmış müğənni Zaur Rzayev oktyabrın 29-da, ömrünün 75-ci ilində vəfat edib. 1952-ci il yanvarın 28-də Kürdəmir rayonunun Karrar kəndində anadan olan sənətkar Bakı Kitabxanaçılıq Texnikumunda, Asəf Zeynallı adına Musiqi Texnikumunda və Azərbaycan Dövlət Konservatoriyasının vokal şöbəsində təhsil alıb. Müxtəlif illərdə Azərbaycan Dövlət Filarmoniyasının Xalq Çalğı Alətləri Ansamblında, Dövlət Mahnı Teatrında və hərbi musiqi kollektivlərində fəaliyyət göstərən müğənni 1994-cü ildən Azərbaycan Silahlı Qüvvələrinin Mahnı və Rəqs Ansamblına rəhbərlik edib.

Xalq artisti Elmira Şabanova noyabrın 25-də 86 yaşında vəfat edib. 1940-cı il noyabrın 1-də Bakıda anadan olan aktrisa 1958–1962-ci illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunun aktyorluq, 1969-cu ildə isə rejissorluq fakültəsində təhsil alıb. 1962–1997-ci illərdə həmin ali təhsil müəssisəsində pedaqoji fəaliyyət göstərən sənətkar “Əsl dost”, “Ötən ilin son gecəsi”, “Gəmi saatının sirri”, “Qəm pəncərəsi”, “Fəryad”, “Təhminə”, "Gəlinlər" və digər ekran əsərlərində yaratdığı obrazlarla tamaşaçıların yaddaşında qalıb.

Mənbə: Trend · 25.11.2026, 20:51 · orijinal məqalə

Bu barədə kim yazır

Trend Bu il onları itirdik

Trend saytında oxu