C.Koreya Mərkəzi Bankı faiz dərəcəsini artırıb – İqtisadi artım proqnozunu kəskin yüksəldib

· 1 mənbə

Cənubi Koreya Mərkəzi Bankı (BOK) uçot dərəcəsini 0,25 faiz bəndi artıraraq 3,00%-dən 3,25%-ə yüksəldib. Tənzimləyici süni intellekt sənayesindəki sürətli inkişaf və yarımkeçiricilərə yüksək tələbat fonunda iqtisadi artım proqnozlarını da əhəmiyyətli dərəcədə yaxşılaşdırıb.

Banker.az xəbər verir ki, bu barədə noyabrın 26-da Cənubi Koreya Mərkəzi Bankının açıqlamasında bildirilir.

Yeni faiz dərəcəsi 2024-cü ilin noyabrından bəri ən yüksək səviyyədir. Mərkəzi Bank oktyabrda faizləri dəyişməz saxladıqdan sonra pul siyasətinin sərtləşdirilməsini bərpa edib.

BOK 2026-cı il üzrə iqtisadi artım proqnozunu 3,3%-dən 3,9%-ə, 2027-ci il üçün isə 2,9%-dən 4,1%-ə yüksəldib. Beləliklə, gələn il üçün proqnoz 1,2 faiz bəndi artırılıb.

Proqnozların yenilənməsində süni intellekt sistemlərində istifadə olunan yarımkeçiricilərin ixracının sürətlə artması əsas rol oynayıb. Xüsusilə “Samsung Electronics” və “SK Hynix” şirkətlərinin istehsal etdiyi yaddaş çiplərinə qlobal tələbat yüksək olaraq qalır.

Cənubi Koreyanın ixracı ötən həftə tarixdə ilk dəfə 1 trilyon dollar həddini keçib. Bununla ölkə ABŞ, Çin və Almaniyadan sonra bu göstəriciyə çatan dördüncü dövlət olub.

Faiz artımının əsas səbəblərindən biri inflyasiyanın Mərkəzi Bankın 2%-lik hədəfindən yüksək qalmasıdır. Yaxın Şərqdə davam edən münaqişə və enerji qiymətlərinin yüksəlməsi də qiymət təzyiqlərini artırır.

“Reuters”in sorğusunda iştirak edən 34 iqtisadçıdan 32-si faiz dərəcəsinin 3,25%-ə yüksəldiləcəyini gözləyirdi.

Mərkəzi Bankın açıqlamasında iqtisadi artımın güclənməsinə baxmayaraq, qlobal süni intellekt investisiyalarının davamlılığı və maliyyə bazarlarındakı dəyişkənliyin risk olaraq qaldığı bildirilib.

Mənbə: Banker.az · 26.11.2026, 14:31 · orijinal məqalə

Bu barədə kim yazır

Banker.az saytında oxu