Cənubi Qafqazda vahid tranzit tarifləri tətbiq olunacaq

· 1 mənbə

Azərbaycan, Türkiyə və Gürcüstan arasında regional əməkdaşlığın genişləndirilməsi, nəqliyyat dəhlizlərinin inkişafı və enerji təhlükəsizliyi məsələləri yenidən gündəmə gəlir. Üç ölkə arasında əvvəlki görüşlərdə də bu istiqamətlər üzrə bir sıra razılaşmalar əldə olunub. Belə ki, 2026-cı il mayın 18-də Azərbaycan və Gürcüstan arasında qaz təchizatı, elektrik enerjisinin ötürülməsi və Bakı - Tbilisi - Qars dəmir yolunun modernləşdirilməsi ilə bağlı sənədlər imzalanıb. İyunun 8-də İstanbulda keçirilən Azərbaycan - Türkiyə - Gürcüstan XİN rəhbərlərinin üçtərəfli görüşündə isə Orta Dəhlizin inkişafı və Bakı - Tbilisi - Qars dəmir yolunun tam gücü ilə fəaliyyət göstərməsinin vacibliyi vurğulanıb. Tbilisidə keçirilməsi gözlənilən növbəti görüşdə də regional təhlükəsizlik, Azərbaycan-Ermənistan sülh prosesi, Zəngəzur dəhlizinin perspektivləri və nəqliyyat kommunikasiyalarının genişləndirilməsinin müzakirə olunacağı gözlənilir.

Məsələ ilə bağlı Modern.az-a açıqlamasında Milli Məclisin Azərbaycan-Gürcüstan parlamentlərarası işçi qrupunun üzvü Vüqar İskəndərov bildirib ki, Azərbaycan-Türkiyə-Gürcüstan üçtərəfli əməkdaşlığı Cənubi Qafqazın ən dayanıqlı regional platformalarından biridir:

"Azərbaycan - Türkiyə - Gürcüstan üçtərəfli əməkdaşlıq formatı Cənubi Qafqazın ən dayanıqlı və səmərəli regional əməkdaşlıq modellərindən biridir. Vaxtilə əsasən enerji və nəqliyyat layihələri üzərində formalaşan bu platforma bu gün daha geniş geosiyasi və geoiqtisadi məzmun kəsb edir. Tbilisidə keçirilməsi gözlənilən görüş də regionda yaranmış yeni reallıqlar baxımından xüsusi əhəmiyyət daşıyır".

Deputat hesab edir ki, görüşün əsas siyasi gündəliyini regional təhlükəsizlik, Azərbaycan - Ermənistan sülh prosesi, Türkiyə - Ermənistan münasibətlərinin normallaşması və yeni nəqliyyat kommunikasiyalarının açılması təşkil edə bilər:

"Üç ölkənin bir-birinin ərazi bütövlüyünə və suverenliyinə verdiyi dəstək bu əməkdaşlığın fundamental prinsipidir. Zəngəzur dəhlizinin perspektivləri də görüşün maraqlı müzakirə istiqamətlərindən biri ola bilər. Burada əsas məqam ondan ibarətdir ki, Zəngəzur dəhlizi Gürcüstanın tranzit əhəmiyyətini azaltmağa deyil, bütövlükdə regionun nəqliyyat potensialını genişləndirməyə hesablanıb. Yeni marşrutlar mövcud dəhlizləri əvəz etməməli, onları tamamlamalıdır. Gürcüstan da genişlənən regional iqtisadi coğrafiyadan dividendlər əldə edə bilər. Orta Dəhlizin ötürücülük qabiliyyətinin artırılması, Bakı–Tbilisi–Qars dəmir yolunun imkanlarından daha səmərəli istifadə, gömrük prosedurlarının sadələşdirilməsi, vahid tranzit tariflərinin formalaşdırılması və rəqəmsal logistika sistemlərinin yaradılması istiqamətində yeni razılaşmalar mümkündür".

Parlamentari vurğulayıb ki, Tbilisi görüşü regional əməkdaşlığın yeni mərhələsinin başlanğıcı ola bilər:

"Digər mühüm istiqamət enerji təhlükəsizliyidir. Azərbaycan, Türkiyə və Gürcüstan indiyədək Avropanın ənənəvi enerji təhlükəsizliyinə mühüm töhfələr veriblər. İndi isə yaşıl enerji, Qara dənizin dibi ilə elektrik enerjisinin ötürülməsi və alternativ enerji infrastrukturu əməkdaşlığın yeni strateji istiqamətlərinə çevrilə bilər. Azərbaycan, Türkiyə və Gürcüstan artıq yalnız regional tərəfdaşlar deyil, Şərqlə Qərb arasında strateji bağlantını təmin edən mühüm aktorlardır. Bu üçtərəfli formatın üstünlüyü ondan ibarətdir ki, heç bir dövlətə qarşı yönəlməyib və qarşılıqlı maraqlara əsaslanır. Tbilisi görüşü regional əməkdaşlığın yeni mərhələsinin başlanğıcı ola bilər. Cənubi Qafqazın gələcəyini geosiyasi qarşıdurmalar deyil, ortaq iqtisadi maraqlar müəyyənləşdirməlidir. Dünən regionun strateji əhəmiyyətini enerji kəmərləri artırırdısa, bu gün nəqliyyat dəhlizləri, sabah isə yaşıl enerji və rəqəmsal bağlantılar artıracaq".

Mənbə: Modern.az · 26.11.2026, 15:16 · orijinal məqalə

Bu barədə kim yazır

Modern.az saytında oxu