Ceyhun Bayramov: Azərbaycan Naxçıvanın dəmir yolu infrastrukturunu yeniləyir
· 1 mənbə
Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə Türkiyədə inşasına başlanılan Qars-İğdır-Dilucu dəmir yolu layihəsi Cənubi Qafqazda Şərq-Qərb nəqliyyat dəhlizinə əlavə imkanlar yaradacaq.
APA xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili ilə birgə mətbuat konfransında bildirib.
Nazir qeyd edib ki, beynəlxalq yükdaşımalar zamanı yalnız bir marşrut deyil, bütövlükdə regionun yükötürmə qabiliyyəti nəzərə alınır: “Bu baxımdan alternativ marşrutların çoxluğu regiona əlavə yüklərin cəlb olunmasına müsbət təsir göstərir”.
Ceyhun Bayramov Bakı-Tbilisi-Qars dəmir yolunun Gürcüstan hissəsində ötürücülük qabiliyyətinin artırılması işlərinin bu il başa çatdırılmasını mühüm nəticə kimi qeyd edib.
O bildirib ki, Türkiyədə 224 kilometr uzunluğunda Qars-İğdır-Dilucu dəmir yolu xəttinin tikintisinə başlanılıb: “Eyni zamanda, Azərbaycanın yeni dəmir yolu xətlərini Ermənistan sərhədinə qədər çatdırması, Naxçıvan Muxtar Respublikasında mövcud dəmir yolunun bərpası və keyfiyyətinin artırılması istiqamətində işlər görülür”.
Nazirin sözlərinə görə, bu layihələrə kompleks yanaşdıqda, Bakı-Tbilisi-Qars və Qars-İğdır-Dilucu xətlərini birləşdirən vahid regional nəqliyyat sistemi formalaşır.
Ceyhun Bayramov vurğulayıb ki, bu bağlantılar Cənubi Qafqazda Şərq-Qərb dəhlizinə əlavə nəqliyyat həlqəsi yaradaraq yüklərin müxtəlif istiqamətlərdə daha rahat daşınmasına imkan verəcək.
Mənbə: APA · 24.11.2026, 19:16 · orijinal məqalə