Ceyhun Məmmədov: Sosial medianın tənzimlənməsi istiqamətində ciddi addımların atılmasına ehtiyac var
· 1 mənbə
Sosial medianın tənzimlənməsi istiqamətində daha ciddi addımların atılmasına ehtiyac var.
APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Ceyhun Məmmədov bildirib.
Deputat deyib ki, bu gün artıq sosial media müasir dövrün ən təhlükəli və dağıdıcı silahlarından birinə çevrilib: “Çox təəssüf ki, artıq bu şəbəkələr öz həqiqi mahiyyətini itirərək təhqir və söyüş platformalarına çevrilib və getdikcə insanların beyin və düşüncələrinə daha çox mənfi təsir etməkdədir. Bütün bunlar isə bu sahənin tezliklə tənzimlənməsini və bu istiqamətdə daha ciddi addımların atılmasını tələb edir. Əslində bu gün bu platformalarda baş verənlər fikir və düşüncə azadlığı deyil, beyinlərin yuyulması, manipulyasiya və vətəndaşı öz dövlətinə düşmən etmək cəhdləridir. Bütün bunların fonunda isə hələ də çoxumuz qarşıda bizi hansı təhlükələr gözləyir tam bilmirik. Bütün bunlar isə ölkəmizdə ideoloji işin daha da gücləndirilməsini labüd edir. Yeni Azərbaycan Partiyasının qurultayında Prezident İlham Əliyev ideoloji işin vacibliyinə xüsusi diqqət çəkdi. Məhz Prezident İlham Əliyevin müvafiq tapşırıqlarına əsasən son vaxtlar bu sahədə mühüm işlər həyata keçirilməkdədir. Heç şübhəsiz ki, bura yeni tarixi filmlərin çəkilməsi, tamaşaların qoyulması və əsərlərin yazılması da daxildir. Heç şübhəsiz ki, İdeoloji işi gücləndirmədən qələbəni əbədiləşdirmək, ictimai şüuru düzgün yönə istiqamətləndirmək qeyri-mümkündür. İdeoloji istiqamətdə həyata keçirilməli olan tədbirlərdən biri də Vətən müharibəsində qələbənin əhəmiyyətinin ictimai şüurda daha da möhkəmləndərilməsi istiqamətində atılmalı olan addımlardır. Bu istiqamətdə bir çox mühüm işlər görülsə də, narahatedici proseslərin qarşısının alınması üçün əlavə ardıcıl və sistemli tədbirlərin həyata keçirilməsinə ehtiyac var”.
Mənbə: APA · 24.11.2026, 11:26 · orijinal məqalə