Çağırışaqədərki hazırlıq dövlət əhəmiyyətli fənn olacaq, vətənpərvərlik şüurunu formalaşdırılmasına xidmət edəcək
· 2 mənbə
Çağırışaqədərki hazırlıq dövründə gənclərin milli müdafiənin əsasları və müasir hərbi-texniki vasitələr, pilotsuz uçuş aparatları, müasir silahlar, elektron mühafizə sistemləri, süni intellekt texnologiyaları, kibertəhlükəsizliyin və informasiya təhlükəsizliyinin təmin edilməsi metodları, mülki müdafiənin təşkili prinsipləri, təbii və texnogen xarakterli fövqəladə hallar zamanı davranış və mühafizə üsulları, habelə ilkin tibbi yardımın göstərilməsi, sağlamlığın və təhlükəsizliyin qorunması, psixoloji dayanıqlılığın gücləndirilməsi, sanitariya-gigiyena qaydalarına əməl olunması barədə zəruri nəzəri biliklərə və praktiki vərdişlərə yiyələnməsi təmin edilir. Çağırışaqədərki hazırlıq təhsil müəssisələrində dövlət əhəmiyyətli fənn kimi çağırışaqədərki hazırlıq rəhbəri tərəfindən tədris olunacaq. Qeyd edək ki, ləğv edilən Gənclərin ibtidai hərbi hazırlıq Əsasnaməsinə əsasən, ibtidai hərbi hazırlıq (İHH) gənclərin silahlı qüvvələrdə xidmətə çağırışaqədərki hazırlığının tərkib hissəsidir. Azərbaycan Respublikasının müdafiəsi üçün orduya çağırılan hər bir gənc hərbi hazırlığın gedişi prosesində Konstitusiya, Silahlı Qüvvələrin vəzifələrini, xüsusiyyət və əhəmiyyətini, hərbi qulluğun hər bir vətəndaşın müqəddəs borcu olduğunu dərk etməlidir. Gənclər hərbi andın tələblərini, hərbi nizamnamələri öyrənir, hərbi hissənin silah və sursatları, hərbi texnikası, şəxsi heyətin yerləşdirilməsi və sosial-məişət tərzi ilə tanış olur, qulluq etmiş gənc əsgərin hazırlığı həcmində nəzəri hərbi biliklərə və praktik vərdişlərə yiyələnir, mülki müdafiənin əsaslarını, kütləvi təbii və texnogen xarakterli fövqəladə halların nəticələrindən mühafizə və kütləvi qırğın silahlarından müdafiə olunma üsullarını öyrənir. İbtidai hərbi hazırlıq tabeçiliyindən və mülkiyyətindən asılı olmayaraq bütün ümumi təhsil, peşə təhsili və orta ixtisas təhsili müəssisələrində dövlət əhəmiyyətli bir fənn kimi hərbi rəhbər tərəfindən tədris olunur.
Mənbə: Xəzər Xəbər · 24.11.2026, 16:26 · orijinal məqalə