Çin avtomobillərinin Avropakı bazar payı böyüyür
· 1 mənbə
Avropada yeni minik avtomobillərinin qeydiyyatı 2026-cı ilin yanvar-oktyabr aylarında ötən ilin eyni dövrü ilə müqayisədə 6% artaraq 11.68 milyon ədədə çatıb. Oktyabr ayında Çin avtomobil istehsalçıları və ABŞ-nin “Tesla” şirkəti yüksək artım göstərdiyi halda, bir sıra ənənəvi Avropa avtomobil istehsalçılarının göstəriciləri azalıb.
Banker.az xəbər verir ki, bu barədə Avropa Avtomobil İstehsalçıları Assosiasiyasının (ACEA) noyabrın 24-də açıqladığı statistikada bildirilir.
Məlumata görə, ilin ilk on ayında yalnız Avropa İttifaqı ölkələrində yeni avtomobillərin qeydiyyatı 5.4% artıb. Böyük Britaniya və Avropa Azad Ticarət Assosiasiyasına daxil olan ölkələr də nəzərə alındıqda artım 6% təşkil edib.
Oktyabr ayında Avropa İttifaqı, Böyük Britaniya və digər əhatə olunan Avropa bazarlarında 1.13 milyon yeni avtomobil qeydiyyata alınıb. Bu, ötən ilin müvafiq ayından 3.4% çoxdur.
Avropa İttifaqında avtomobil istehsalçıları üzrə göstəricilər fərqli istiqamətdə dəyişib.
Oktyabrda “Tesla” avtomobillərinin qeydiyyatı illik müqayisədə 83.5%, Çin istehsalçısı SAIC-in göstəricisi isə 26% artıb. Digər Çin şirkəti BYD-nin qeydiyyatı iki dəfədən çox yüksəlib.
BMW-nin göstəricisində 4.1%, “Toyota”da isə 1.9% artım qeydə alınıb.
Bunun əksinə olaraq, “Volkswagen” markası üzrə yeni avtomobillərin qeydiyyatı 9%, “Renault” üzrə 8.5% azalıb.
“Nissan”ın göstəricisi 2.1%, “Mercedes-Benz”in 1.5%, “Hyundai”ın isə 0.6% geriləyib.
Avropa avtomobil bazarında elektrik mühərrikli modellərin qeydiyyatı artmaqda davam edib. ACEA-nın məlumatına görə, 2026-cı ilin ilk on ayında Avropa İttifaqında tam elektrikli avtomobillərin bazar payı 23.4%-ə çatıb.
Oktyabrda Avropa İttifaqı, Böyük Britaniya və Avropa Azad Ticarət Assosiasiyasını əhatə edən bazarda tam elektrikli avtomobillərin qeydiyyatı 56.1%, şəbəkədən enerji ilə doldurulan hibrid avtomobillərin qeydiyyatı isə 9.2% artıb.
Eyni dövrdə benzinlə işləyən avtomobillərin qeydiyyatı 28.3%, dizel avtomobillərinin qeydiyyatı isə 30.2% azalıb.
Çin avtomobil istehsalçılarının Avropa bazarındakı ümumi payında da artım qeydə alınıb.
ACEA məlumatlarına istinad edən “Reuters”in hesablamasına görə, BYD, SAIC, Geely, Chery, Leapmotor və Xpeng şirkətlərinin Avropa bazarındakı birgə payı ötən ilin oktyabrındakı 9%-dən 14.8%-ə yüksəlib.
Bununla yanaşı, “Volkswagen Group”, “Renault Group” və “Stellantis”in Avropadakı ümumi bazar payı 53.2%-dən 47.2%-ə enib.
Oktyabrda həmin üç avtomobil qrupunun qeydiyyat göstəriciləri müvafiq olaraq 7.6%, 9.8% və 8% azalıb.
ACEA-nın statistikası yeni qeydiyyata alınmış avtomobilləri əhatə edir və istehsalçıların həmin ay ərzində istehsal etdiyi avtomobillərin sayını göstərmir.
Mənbə: Banker.az · 24.11.2026, 10:34 · orijinal məqalə