Dəm qazından zəhərlənən cütlük təzə ailə qurubmuş
· 1 mənbə
Bərdədə dəm qazından zəhərlənən ər-arvad təzə ailə qurubmuş.
Modern.az Teleqraf-a istinadla xəbər verir ki, hadisə zamanı zəhərlənən 2003-cü il təvəllüdlü Kənan İmaməliyev və onun 2008-ci il təvəllüdlü həyat yoldaşı Pərvanə Hüseynova əslən Ağdam rayonundandırlar.
Cütlük yenicə ailə qurubmuş.
Qeyd edək ki, Bərdənin Əliyanlı kəndində yaşadıqları evdə dəm qazından zəhərlənən ər-arvad xəstəxanaya çatdırılıb.
Həkimlərin müdaxiləsinə baxmayaraq Pərvanə Hüseynovanın həyatını xilas etmək mümkün olmayıb. Kənan İmaməliyevin müalicəsi davam etdirilir, vəziyyəti orta-ağırdır.
***
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bərdə rayonunun Əliyanlı kəndində fərdi yaşayış evində iki nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Bu barədə Modern.az-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Məlumatla əlaqədar dərhal FHN-in Qarabağ Regional Mərkəzinin xilasediciləri çağırış üzrə cəlb olunublar.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən bağlı qapı arxasında qalan şəxslərin qapının döyülməsinə və telefon zənglərinə reaksiya vermədiyi müəyyən olunub.
Xilasedicilər xüsusi vasitələrlə giriş qapısını açaraq evə daxil olub, 2003-cü il təvəllüdlü Kənan İmaməliyevi və onun həyat yoldaşı, 2008-ci il təvəllüdlü Pərvanə Hüseynovanı huşsuz vəziyyətdə aşkar ediblər.
İlkin olaraq dəm qazından zəhərləndikləri ehtimal edilən zərərçəkmişlər ilkin yardım göstərildikdən sonra təcili olaraq xəstəxanaya çatdırılıblar.
Lakin zərərçəkmişlərdən biri - Pərvanə Hüseynova həkimlərin səylərinə baxmayaraq xəstəxanada vəfat edib, digərinin - Kənan İmaməliyevin vəziyyəti isə orta ağır qiymətləndirilir.
Mənbə: Modern.az · 28.11.2026, 13:46 · orijinal məqalə