Dünyanın ən qədim fortepiano istehsalçısı müflisliklə bağlı müraciət edib
· 1 mənbə
Şpayxinqen şəhərindəki (Almaniyanın Baden-Vürtemberq federal əyaləti) dünyanın ən qədim fortepiano manufakturası "Carl Sauter Pianofortemanufaktur" müflisliklə bağlı müraciət edib.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "Bild" qəzeti məlumat yayıb.
Tarixi 1819-cu ildən başlayan müəssisə ildə təxminən 400 piano və 40 royal istehsal edir. Qiymətlər bir piano üçün 15-36 min avro və konsert royalı üçün 200 min avro təşkil edir.
Məhkəmə hüquqşünas Aleksander Lutsu şirkətin müvəqqəti idarəçisi təyin edib və o, "Sauter"dəki mürəkkəb maliyyə vəziyyətinə diqqət çəkib:
"Kəskin şəkildə artan xərclər və davamlı zəif tələbat bu addımı qaçılmaz edib".
Şirkətin direktoru Kristian Hott "Sauter" brendini və Şpayxinqendəki istehsalı qoruyub saxlamaq və müflislik prosedurundan firmanın restrukturizasiyası üçün istifadə etmək niyyətindədir. İxtisar təhlükəsi ilə üzləşə biləcək əməkdaşların sayı məlum deyil.
Mənbə: Report · 28.11.2026, 16:52 · orijinal məqalə