FHN Gəncədə təlim keçirdi
· 2 mənbə
Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin Gəncə Şəhər Dövlət Yanğından Mühafizə İdarəsi Gəncə şəhər stadionunda “Fövqəladə hallar zamanı davranış qaydaları və təxliyə” mövzusunda təlim keçirib.
Bu barədə Publika.az-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
FHN-in müvafiq canlı qüvvə və texnikasının cəlb edildiyi təlimin keçirilməsində əsas məqsəd idman obyektinin kollektivinə fövqəladə hallar, o cümlədən yanğınlar zamanı davranış qaydalarının aşılanması, habelə bu kimi obyektlərdə mümkün yanğınlar zamanı yanğından mühafizə bölmələrinin fəaliyyətinin daha da təkmilləşdirilməsi olub.
Təlimin nəzəri hissəsində obyektin kollektivinə fövqəladə hallar, o cümlədən yanğınlar zamanı zəruri davranış qaydaları, təxliyə tədbirləri barədə ətraflı məlumat verilib, suallar cavablandırılıb.
Təlimin praktiki hissəsində şərti yanğınla əlaqədar “Həyəcan” siqnalı verildikdən sonra Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri operativ qaydada hadisə yerinə çataraq, “yanğınla mübarizə” tədbirlərinə başlayıblar. Şərti yanğın baş vermiş ərazidə təxliyə planına uyğun olaraq işçilərin təhlükəsiz yerə təxliyəsi həyata keçirilib, şərti xəsarət almış şəxslərə “ilkin yardım göstərilib”, “yanğın qısa müddətdə söndürülüb”.
Uğurla keçən təlimdən sonra əldə edilmiş nəticələr müzakirə olunub, müvafiq tapşırıqlar verilib.
Mənbə: Publika.az · 25.11.2026, 15:30 · orijinal məqalə