Gələn ildən ailələrlə bağlı yeni qayda: Hər kəsin məlumatı...

· 1 mənbə

Gələn ildən ev təsərrüfatlarının uçotu aparılacaq. Məqsəd əhalinin faktiki yaşayış şəraiti, ailə tərkibi, məşğulluğu, sosial vəziyyəti, torpaq sahələri və fərdi təsərrüfat fəaliyyəti barədə dolğun məlumatların əldə edilməsini təmin etməkdir. Uçotun aparılması ilk dəfə olaraq MyGov platformasında yaradılmış Ev təsərrüfatları altsistemi vasitəsilə tam elektron qaydada həyata keçiriləcək.

Milli.Az xəbər verir ki, uçot məlumatları vahid informasiya sistemində cəmləşdiriləcək, Elektron Hökumət İnformasiya Sistemi ilə inteqrasiya olunacaq.

Məsələ ilə bağlı iqtisadçı Eyyub Kərimli bildirib ki,ev təsərrüfatlarının uçotunun yenilənməsi ölkədə bu sahədə yeni rəqəmsal platformanın yaranmasına imkan yaradacaq. Bu da gələcəkdə həm iqtisadi risklərin hesablanmasına, həm əhalinin real iqtisadi gəlirlərinin müəyyən edilməsinə, digər tərəfdən isə hədəfli sosial siyasətin həyata keçirilməsinə, sosial müavinətlərin daha ünvanlı və hədəfli ayrılmasına şərait yaradacaqdır:

"Uçot məlumatları yaşayış məntəqələrinin sosial-iqtisadi vəziyyətinin qiymətləndirilməsini, demoqrafik proseslərin öyrənilməsini təmin edəcək. Həmçinin məşğulluq imkanlarının genişləndirilməsi, kənd təsərrüfatının inkişafı və regional infrastruktur layihələrinin real tələbat əsasında planlaşdırılması üçün mühüm informasiya mənbəyi rolunu oynayacaq".

Mövzu ilə bağlı iqtisadçı ekspert Xalid Kərimli qeyd edib ki, ev təsərrüfatlarının uçotu bu sahədə dövlətin məlumatlılıq səviyyəsini artıracaq:

"O cümlədən, regionların inkişafı baxımından regionlarda əhalinin təsərrüfatlarının sosial-iqtisadi vəziyyəti, real işsizlik və işaxtaranların vəziyyəti haqqında məlumat əldə etməyə imkan verəcək. Kənd təsərrüfatında vətəndaşların torpaq sahələrindən və fərdi təsərrüfatlarından necə və hansı formada istifadə etmələri ilə bağlı məlumatlar real vəziyyətin qiymətləndirilməsinə şərait yaradacaq.

Uçotun MyGov platforması üzərindən elektronlaşdırılması isə məlumatların keyfiyyətinin yüksəldilməsinə, dövlət informasiya sistemlərində mövcud olan məlumatlardan istifadə etməklə vətəndaşlardan eyni məlumatların təkrar tələb olunmasının azaldılmasına xidmət edəcək".

Qeyd edək ki, bu, uçot prosesinin daha operativ, şəffaf və səmərəli təşkilinə imkan verəcək.

Müəllif: Aysel Əkbər (Milli.Az müxbir)

Mənbə: Milli.az · 25.11.2026, 16:22 · orijinal məqalə

Bu barədə kim yazır

Milli.az saytında oxu