Hesablama Palatası: Aqrar sığorta ödənişlərinin verilməsi 2 ilə qədər çəkir

· 2 mənbə

Azərbaycan fermerlərinin Aqrar Sığorta Fonduna (ASF) zərərlə bağlı müraciətləri ilə onlara ödəniş edilməsi arasında bəzən 2 ilə qədər fərq olur.

"Report" xəbər verir ki, bu qənaətə Hesablama Palatası Fondda apardığı yoxlamalardan sonra gəlib.

Palatanın 2026-cı il üzrə iş planına uyğun olaraq 1 iyul 2023-cü il tarixindən 1 yanvar 2026-cı il tarixinədək olan dövr əhatə olunmaqla aqrar sığorta fəaliyyətinin səmərəliliyi və nəticəliliyi qiymətləndirilib. Auditin əsas obyekti kimi ASF çıxış etməklə auditin predmetləri ASF-in Himayəçilik Şurasına rəhbərlik edən Kənd Təsərrüfatı Nazirliyinin və digər əlaqəli qurumların aidiyyəti fəaliyyətini də əhatə edib.

Auditlə toplanmış sübutlarla 4 455 halda sığorta ödənişlərinin maliyyələşdirildiyi tarixlərlə zərər müraciətlərinin tarixləri arasında müddət fərqinin 99-709 gün intervalına, 6 177 halda sığorta ödənişlərinin verilməsindən imtinaların tarixləri ilə zərər müraciətlərinin tarixləri arasında müddət fərqinin 42-621 gün intervalına bərabər olması müşahidə olunub ki, müraciətlər üzrə qərarların qəbulu prosesinin də bu və ya digər səbəblər (aidiyyəti qurumlara ünvanlanan sorğuların gecikdirilməklə cavablandırılması və s.) üzündən bu qədər uzanması fermerlərin hüquqlarının məhdudlaşdırılması və aqrar sığortaya maraqlarının azalması kimi mənfi təsirlərlə xarakterizə olunub.

Bundan başqa, müəttən edilib ki, aqrar sığorta sahəsinin ASF-dən və İdarəedici qurumdan ibarət ikiqurumlu institusional quruluşu üzrə faktiki fəaliyyət xüsusiyyətləri aqrar sahədə risklərin müştərək sığorta mexanizmi vasitəsilə sığortalanmadığını, 5 ildən çox müddət keçməsinə baxmayaraq 27.06.2019-cu il tarixli "Aqrar sığorta haqqında" qanunun həmin konseptual şərtinin hal-hazıradək tamamlanmadığını göstərmişdir ki, bu da mövcud aqrar sığorta fəaliyyətinin səmərəliliyinin müsbət müstəvidə dəyərləndirilməsinə imkan verməyib. Kommersiya fəaliyyətinə aid aqrar sığorta haqları yalnız dövlət mülkiyyət mənsubiyyətli qeyri kommersiya hüquqi şəxsin (ASF-in) gəlirlərində əks etdirilməklə təminat verilən risklər üzrə 01.01.2026-cı il tarixinə 626 milyon manat sığorta məbləği dövlətin üzərində əhəmiyyətli öhdəliklər yaradıb.

ASF-in 30.06.2025-ci il tarixinə məcmu kapitalı üzərindən 30 %-lik həddin 2,7 milyon manata bərabər olması müqabilində heyvandarlıq sahəsinə aid 1 müqavilə üzrə 3,02 milyon manat məbləğində riskin, eyni zamanda 2025-ci il ərzində heyvanların sığortası predmeti ilə bağlanmış 81 müqavilə üzrə ümumilikdə 24,25 milyon manat məbləğində riskin tam həcmdə (100 %) ASF-in üzərində saxlanılmasına yol verilib ki, bu da müvafiq olaraq, hüquqi aktların və təkrarsığorta siyasətinin tələblərinin düzgün reallaşdırılmaması deməkdir.

Auditlə əhatə olunan dövrdə bitkiçilik və heyvandarlıq sahəsinə aid risklərin sığorta təminatına alınması və sığorta hadisələrinin araşdırılması mərhələlərində bir sıra nöqsanlara yol verilib, o cümlədən aqrar sığorta riskləri müstəqil ekspertlər vasitəsilə (bir neçə istisnalar olmaqla) qabaqcadan qiymətləndirilməyib, bir sıra hallarda faydalanan şəxs qismində tanınan fermerlərin hüquqları məhdudlaşdırılıb, digər hallar üzrə isə fermerlərə sığorta ödənişlərinin artıq ödənilməsinə yol verilib.

ASF-in sığorta ödənişlərinə dair təqdim etdiyi məlumat bazasına əsasən 1,2 milyon manat məbləğində sığorta ödənişləri maliyyələşdirilmiş 503 hal üzrə 2 330,1 hektar əkinləri əhatə edən torpaq sahələrinə aid fermerlərin bələdiyyə orqanları ilə bağlanmış icarə müqavilələrində torpaqların təyinatı və koordinatları haqqında məlumatlar əks etdirilməsə də vaxtında (sığorta müqaviləsi bağlanılmasından öncə) zəruri dəqiqləşdirmələr aparılmayıb ki, bu da sığorta hadisələrinin araşdırılmasının səmərəliliyinə mənfi təsirləri səciyyələndirib.

Zərər dəymiş əkin sahələri 7 018 hektar olmaqla sığorta ödənişlərinin həyata keçirilməsi üçün sığortalı 319 sayda fermer tərəfindən təqdim edilmiş bitki növləri üzrə toxumların növlərinin (sortlarının) müqavilə bazasında eyni bitki növləri üzrə toxumların növlərindən (sortlarından) fərqli olması şəraitində 2,98 mln. manat məbləğində sığorta ödənişi maliyyələşdirilib ki, bu da aqrar sığorta təminatı verilən risklərin qabaqcadan qiymətləndirilməməsinin fəsadlarından irəli gələrək sığorta hadisələrinin araşdırılması işlərinin hüquqi aktların tələblərinə tam uyğun idarə edilməməsini deməyə əsas verib.

Sığortalanmış əkin sahələrində payı yüksək olan buğda, arpa və qarğıdalı bitki növlərinə aid sığortalıların məlumat bazasına əsasən 854 fermerə ümumilikdə 11,7 milyon manat məbləğində sığorta ödənişləri köçürülmüş 3 437 haldan (müqavilədən) heç birində müvafiq məhsulun yenidən əkilməsi barədə qərar qəbul edilməmiş, o cümlədən ekspertlərin rəylərində bu məsələyə diqqət yetirilməməsinə baxmayaraq ASF yeni ekspertin təyin edilməsi məsələsi İdarəedici qurumun qarşısında qaldırmayıb, zərər faizlərinin bütün hallarına sığorta ödənişləri maliyyələşdirib ki, bu da sığorta hadisələrinin araşdırılması çərçivəsində dövlət vəsaitlərinə qənaət və məhsuldarlığın artırılması kimi hədəflərin müvafiq hədlərdə təşviq edilməməsi deməkdir.

·Sığorta ödənişlərinə dair məlumat bazası və Milli Hidrometeorologiya Xidmətinin məlumatları küləyin sürəti 25 m/saniyə və aşağı olan 985 halın ASF tərəfindən fırtına riski təminatı çərçivəsində baş vermiş sığorta hadisəsi kimi qiymətləndirilməsini və 350 fermerə (9074,1 hektar əkin sahəsi üzrə) ümumilikdə 1,5 milyon. manat məbləğində sığorta ödənişlərinin verilməsini göstərmişdir ki, bu da sığorta hadisələrinin araşdırılması prosesinin hüquqi aktların tələbləri pozulmaqla səmərəli və nəticəli idarə olunmamasını deməyə əsas verib.

Dövlət satınalmalarının təşkili və hesabatlılığında, İdarəedici qurumun mandatına aid xərclərin icrasında bəzi nöqsanlara yol verilib, ASF-in 6 ilə yaxındır fəaliyyət göstərməsinə baxmayaraq aqrar sığorta informasiya sisteminin aqrar sığorta üçün vacib olan bir çox modullarının zəruri funksionallığına tam nail olunmayıb ki, bu da daxili nəzarət işlərində əməliyyat risklərinin optimal idarə olunmadığını deməyə əsas verib.

Aqrar sığorta haqları üzrə yol verilən güzəştlərin fermerlərə tətbiqi məsələləri səmərəli həll edilməməklə aqrar sığorta mexanizminin könüllü reqlamentlər üzərindən cəlbediciliyi lazımi qaydada təşviq edilməyib.

Auditlə toplanmış sübutlar, o cümlədən 01.04.2026-cı il tarixinə ölkə üzrə iribuynuzlu və xırdabuynuzlu heyvanların identifikasiyası səviyyəsinin çox aşağı olduğunu, özünüməşğulluq proqramı çərçivəsində dövlət vəsaitləri hesabına alınmaqla əvəzsiz olaraq təhvil verilmiş iribuynuzlu və xırdabuynuzlu damazlıq heyvanların isə sığortalanmadığını göstərib ki, bu da aqrar sığortanın heyvandarlıq sahəsində əhatəliliyinə mənfi təsir göstərən əsas amillər sırasında qiymətləndirilib.

Aqrar sığortanın əhatəlilik səviyyəsi bitkiçilikdə 21,1-24 %, heyvandarlıqda 0,04-0,08 % intervalında dəyişməklə makroiqtisadi göstəricilər səviyyəsində kənd təsərrüfatı sahəsi üzrə yüksək məhsuldarlığın əldə olunmasının (fermerlərin məhsuldarlığa yönəlik fəaliyyətinin) təşviqinə lazımi töhfə verilmədiyini deməyə əsas verib.

Hesablama Palatasının Kollegiyasında auditin bu və digər nəticələri və təklifləri müzakirə edilərək Auditor hesabatı təsdiq edilib, auditin nəticələrindən çıxış edərək aqrar sığorta fəaliyyətinin səmərəliliyinin və nəticəliliyinin qısamüddətli perspektivdə artırılması üçün konkret təkliflərin irəli sürülməsi, eyni zamanda maliyyə öhdəlikləri yaradan nöqsan və çatışmazlıqlarla əlaqədar zəruri tədbirlərin görülməsi, auditin müvafiq nəticələri ilə əlaqədar aidiyyəti dövlət qurumlarının məlumatlandırılması barədə qərar qəbul edilib.

Mənbə: Report · 27.11.2026, 17:55 · orijinal məqalə

Bu barədə kim yazır

Report saytında oxu