Hicabsız mahnı oxuyan məşhur müğənniyə
· 1 mənbə
İranda 29 yaşlı müğənni Pərəstu Əhmədi və komandasının dörd üzvü hicabsız və qolsuz geyimdə canlı konsert verdiklərinə görə Qum şəhərində şallaq cəzasına məruz qalıblar.
“Qafqazinfo” xəbər verir ki, BBC-yə danışan müdafiə tərəfinin vəkilinin sözlərinə görə, bazar ertəsi günü müğənni, üç musiqiçi və bir prodüserin hər birinə 74 şallaq zərbəsi vurulub.
Pərəstu Əhmədi 2024-cü ilin dekabrında “YouTube” kanalında canlı yayımlanan konsertdə səhnəyə başıaçıq və qolsuz libasda çıxıb. İran qanunvericiliyi qadınların ictimai konsertlər verməsini qadağan edir və məcburi hicab tələb edir.
Bu ilin iyun ayında Qum Cinayət Məhkəməsi Əhmədini və daha səkkiz nəfəri “ədəbsiz və uyğunsuz məzmun” yaymaqla “ictimai əxlaqı pozmaqda” təqsirli bilib. Təqsirləndirilən şəxslər ittihamları rədd etsələr də, məhkəmə onlara 74 şallaq cəzası, eləcə də audiovizual fəaliyyətə və xaricə səyahətə iki illik qadağa cəzası kəsib. Sentyabrın sonunda apellyasiya məhkəməsi şikayəti rədd edərək hökmü qüvvədə saxlayıb.
Vəkil bildirib ki, cəzanın ləğvi, yüngülləşdirilməsi və ya icrasının təxirə salınması üçün edilən bütün müraciətlər nəticəsiz qalıb: “Cəzanın təxirə salınmasını xahiş etdik, lakin icra idarəsi dərhal tətbiq edilməsində israr etdi”.
İslahatçı “Etemad” qəzetinin digər vəkil Mustafa Niliyə istinadən yazdığına görə, müğənni ilə birlikdə cəzalandırılan dörd nəfər Soheyl Fəqih Nəsiri, Əmin Tahiri, Əmirəli Pirniya və Möhsün Ləşkəridir.
Hökmün icrası iranlı sənətçilər və beynəlxalq insan haqları təşkilatları tərəfindən kəskin pislənilib.
Mənbə: Qafqazinfo · 24.11.2026, 03:03 · orijinal məqalə