İğdırda beynəlxalq Qafqaz Konqresi işə başlayıb

· 1 mənbə

Türkiyənin İğdır şəhərində "İpək Yolunun yenidən dirçəlişi" mövzusuna həsr olunmuş beynəlxalq Qafqaz Konqresi işə başlayıb.

"Report"un Naxçıvan bürosu xəbər verir ki, ikigünlük beynəlxalq tədbir İğdır Universitetinin təşəbbüsü və Türkiyənin Ticarət Nazirliyinin dəstəyi ilə təşkil olunub.

Konqresdə müxtəlif ölkələrdən siyasi partiya nümayəndələri, diplomatlar, alimlər və ekspertlər, Azərbaycanın Qarsdakı baş konsulu Qoşqar Zeynalov, Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev və Qarabağ Universitetinin rektoru Şahin Bayramov iştirak ediblər.

Tədbirdə Zəngəzur dəhlizinin iqtisadi və ticarət əlaqələrinin inkişafına verəcəyi töhfələr, İğdırın strateji coğrafi mövqeyi, regional nəqliyyat imkanları və tarixi İpək Yolunun yenidən canlandırılması perspektivləri müzakirə olunur.

Konqresin açılışında Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakçılara ünvanladıqları müraciətlər səsləndirilib.

İlham Əliyev müraciətində İğdırın Naxçıvanla birbaşa qonşuluğunun və iki bölgə arasında tarixən mövcud olan sıx əlaqələrin Azərbaycan-Türkiyə əməkdaşlığının möhkəmlənməsinə xidmət etdiyini vurğulayıb. Dövlət başçısı qeyd edib ki, Azərbaycanın təşəbbüsü ilə reallaşdırılan Zəngəzur dəhlizi ölkəmizin əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz əlaqəni təmin etməklə yanaşı, Türkiyə ilə birbaşa quru nəqliyyat əlaqələrinin genişlənməsinə, Orta Dəhlizin imkanlarının artırılmasına və beynəlxalq ticarət-logistika əlaqələrinin inkişafına töhfə verəcək.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da müraciətində Zəngəzur dəhlizinin açılması ilə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında nəqliyyat əlaqələrinin güclənəcəyini, həmçinin Türkiyə ilə Türk dünyası arasında yeni bağlantı imkanlarının yaranacağını bildirib.

İğdır Universitetinin rektoru Ekrem Gürel çıxışında Zəngəzur dəhlizinin açılmasının Türkiyənin Azərbaycanla həmsərhəd bölgələrinin strateji əhəmiyyətini artıracağını diqqətə çatdırıb. O, Araz hövzəsində birgə layihələrin həyata keçirilməsini, ortaq yay düşərgələrinin təşkilini və Beynəlxalq Qafqaz Konqresinin ənənəvi xarakter almasını təklif edib.

Qeyd edək ki, konqres noyabrın 25-dək davam edəcək.

Mənbə: Report · 24.11.2026, 23:02 · orijinal məqalə

Bu barədə kim yazır

Report saytında oxu