İndoneziya Şuşa və Cokyakarta şəhərləri arasında qardaşlaşma münasibətlərinin qurulmasını təklif edir
· 1 mənbə
Bakı.Trend:
İndoneziya Azərbaycanın Şuşa şəhəri ilə İndoneziyanın Cokyakarta şəhəri arasında qardaşlaşma münasibətlərinin qurulmasını təklif edir.
Trend-in müxbirinin verdiyi məlumata görə, bunu çərşənbə axşamı Bakıda keçirilən İndoneziya Biznes Forumunda İndoneziyanın Azərbaycandakı səfiri Berlian Helmi bildirib.
Onun sözlərinə görə, Cokyakarta İndoneziyanın tarixində və sivilizasiyasında mühüm yer tutur, Şuşa isə Azərbaycan mədəniyyəti və incəsənətinin əsas mərkəzlərindən biridir.
“Biz Cokyakarta və Şuşa arasında qardaş şəhərlər formatında əməkdaşlıq qurmaq istərdik. Cokyakarta İndoneziya sivilizasiyasında mühüm rol oynayır, Şuşa isə Azərbaycan mədəniyyəti və incəsənətinin beşiyidir”, – deyə səfir bildirib.
O, həmçinin İndoneziyanın artıq üç tələbəsini Qarabağ Universitetində təhsil almaq üçün göndərdiyini qeyd edib.
“Biz artıq üç indoneziyalı tələbəni Qarabağ Universitetində təhsil almağa göndərmişik. Təhsil əlaqələrinin daha da inkişaf etdirilməsində və ölkələrimiz arasında qarşılıqlı əlaqələrin genişləndirilməsində maraqlıyıq”, – deyə Berlian Helmi vurğulayıb.
Səfir Qarabağın azadlığı uğrunda həlak olmuş şəhidlərin övladlarının təhsil almasına dəstək göstərməyə hazır olduğunu da bildirib.
“Qarabağın azadlığı uğrunda canlarından keçmiş şəhidlərin övladlarının təhsil almasını təmin etməyə kömək etmək üçün əlimdən gələni etməyə hazıram”, – deyə o vurğulayıb.
Mənbə: Trend · 24.11.2026, 12:00 · orijinal məqalə