JPMorgan və HSBC Londonda ilk dəfə “rəqəmsal qızıl” əməliyyatları həyata keçirib
· 1 mənbə
JPMorgan Chase & Co. və digər iri qiymətli metal dilerləri Londonda ilk dəfə rəqəmsal qızılın yeni forması, fiziki külçələr üzərində fraksiyalı mülkiyyət payları ilə əməliyyatlar həyata keçiriblər. Bu barədə Bloomberg məlumat yayıb.
Dünya Qızıl Şurasının (WGC) məlumatına görə, JPMorgan, HSBC Holdings Plc və StoneX Group Inc. ötən həftə fiziki qızıl üzrə fraksiyalı paylardan istifadə etməklə ilk əməliyyatları tamamlayıblar. Təşəbbüsə WGC rəhbərlik edir.
Sistem hələlik sınaq mərhələsindədir. Lakin onun uğurla tətbiqi son onilliklər ərzində London qızıl bazarının strukturuna edilən ən mühüm yeniliklərdən birinə çevrilə bilər.
“Bu, qızıl bazarı üçün tarixi irəliləyişdir. Aparıcı maliyyə institutları ilk dəfə real əməliyyatlar vasitəsilə fiziki qızıl üzərində fraksiyalı mülkiyyət paylarını köçürüb, onlar üzrə hesablaşma aparıb və həmin paylardan girov kimi istifadə ediblər”, – WGC bildirib.
Londonda hər həftə yüz milyardlarla dollar dəyərində qızıl əl dəyişdirir və burada formalaşan qiymətlər qlobal qiymətli metallar sənayesi üçün etalon rolunu oynayır. Lakin qızılın böyük hissəsi “ayrılmamış” kağız müqavilələr formasında ticarət olunur. Belə müqavilələr saxlayıcı bankı tələb daxil olduqda qızılı təhvil verməyə məcbur edir.
Bu üsul 400 unsiyalıq külçələrlə əməliyyatlardan daha ucuz və sadədir. Bununla belə, müqavilə sahibləri saxlayıcı bankın kredit riski ilə üzləşirlər və kağız tələblərdən adətən girov kimi istifadə etmək mümkün deyil.
“Birləşdirilmiş qızıl payları” adlanan yeni sistem banklara fiziki metalı bir yerdən başqa yerə daşımadan qızıl üzrə fraksiyalı payları girov kimi təqdim etməyə imkan verir. Bu isə külçələri daha faydalı maliyyə aktivinə çevirə bilər.
WGC qızılın Böyük Britaniyanın maliyyə təminatı rejiminə daxil edilməsi üçün ölkə hakimiyyəti ilə də danışıqlar aparır. Bu dəyişiklik qızılın girov qoyulmasını və iflas zamanı girova yönəldilmiş tələbin icrasını asanlaşdıra bilər.
“Fraksiyalara bölünən, asanlıqla ötürülən və vasitəçinin ödəmə qabiliyyətini itirməsi riskindən qorunan qızıl, girov kimi istifadə də daxil olmaqla, metalın maliyyə bazarlarında daha geniş tətbiqinə imkan verəcək”, – JPMorgan-dan bildirilib.
Bu arada Asiyanın maliyyə mərkəzləri qızıl bazarındakı payın bir hissəsini Londondan almağa çalışırlar. Honkonq London sisteminə bənzər klirinq mexanizmini sınaqdan keçirməyə başlayıb. Sinqapur isə mərkəzi banklara qızılın saxlanılması xidmətləri də daxil olmaqla bir sıra tədbirlər təqdim edib.
Böyük Britaniyanın Maliyyə Davranışına Nəzarət İdarəsi bu ilin əvvəlində qızılın tokenləşdirilməsi ilə bağlı maliyyə sektorunun rəyini öyrənib. Qurum bildirib ki, yeni nəsil infrastrukturun inkişafı Londonun qızıl ticarəti və saxlanılması mərkəzi kimi mövqeyini möhkəmləndirəcək və qoruyacaq.
Bununla belə, anbarlarında 1 trilyon dollardan çox qızıl saxlanılan Londonun yaxın zamanda aparıcı ticarət mərkəzi statusunu itirəcəyi gözlənilmir. Bu ehtiyatlara İngiltərə Bankında saxlanılan mərkəzi bankların qızılı da daxildir.
Bir çox treyder hesab edir ki, birləşdirilmiş qızıl payları dilerlər və müştərilər arasında populyarlaşsa belə, bazar əsasən “ayrılmamış” qızıl müqavilələri üzərində qurulmuş strukturunu qoruyacaq.
Mənbə: Banker.az · 24.11.2026, 15:57 · orijinal məqalə