Kanada parlamentinə ABŞ səfirinin geri çağırılması tələbi ilə petisiya təqdim edilib
· 1 mənbə
Kanada Parlamentinin İcmalar Palatasına ABŞ-nin Ottavadakı səfiri Pit Hukstranın "arzuolunmaz şəxs" elan edilməsi və geri çağırılması tələbi ilə petisiya təqdim olunub.
"Report" xəbər verir ki, təxminən 286 min nəfərin imzaladığı sənədi Yaşıllar Partiyasının deputatı Elizabet Mey təqdim edib.
Petisiya müəllifləri amerikalı diplomatı Kanada və ABŞ arasındakı münasibətləri sarsıdan çoxsaylı açıq bəyanatlar verməkdə, ABŞ Prezidenti Donald Trampın Kanadanın Amerikanın 51-ci ştatına çevrilməsi ilə bağlı açıqlamalarını dəstəkləməkdə, habelə ölkənin daxili siyasətinə müdaxilədə ittiham edirlər.
Sənəddə həmçinin ABŞ Dövlət Departamenti nümayəndələrinin Kanadanın Alberta əyalətinin müstəqillik tərəfdarları ilə təmaslarından narahatlıq ifadə olunub.
Petisiyanı imzalayanlar Kanada hökumətini Hukstranın hərəkətlərinin "Diplomatik əlaqələr haqqında" Vyana Konvensiyasının müddəalarına uyğunluğunu Vaşinqtonla müzakirə etməyə, habelə amerikalı diplomatların ölkənin daxili işlərinə iddia olunan müdaxiləsi ilə bağlı parlament araşdırmasını başlatmağa çağırıblar.
İmza toplanışı iyulun 21-dən noyabrın 18-dək həyata keçirilib. Kanada hökuməti 45 təqvim günü ərzində petisiyaya rəsmi cavab verməyə borcludur, lakin orada irəli sürülən tələbləri yerinə yetirmək məcburiyyətində deyil.
Mənbə: Report · 27.11.2026, 08:26 · orijinal məqalə