Kiçik Ayrım kəndi: Erməni mənbələrinin təsdiqlədiyi azərbaycanlı yurdu

· 2 mənbə

"Qərbi Azərbaycanın yaddaş yerləri" layihəsi çərçivəsində indiki Ermənistan ərazisində tarixən azərbaycanlıların yaşadığı Kiçik Ayrım kəndinin tarixi haqqında araşdırma hazırlanıb.

BAKU.WS xəbər verir ki, adı Ayrım türk tayfası ilə bağlı olan kənd 1995-ci ildən Ermənistan Respublikasının Lori vilayətinin tərkibindədir.

Sovet dövründə salınan Kiçik Ayrım kəndi əvvəlcə Allahverdi rayonunun, sonradan isə Tumanyan adlandırılan rayonun tərkibində olub. 1920-ci illərin ortalarına qədər kəndin əhalisi qonşu Böyük Ayrımın əhalisi ilə birlikdə hesaba alınıb, ayrı yaşayış məntəqəsi kimi isə statistik mənbələrdə 1926-cı ildən qeyd olunmağa başlayıb.

Erməni mənbələrinin məlumatlarına görə, 1980-ci illərin sonlarına qədər müxtəlif vaxtlarda kəndin ərazisində yalnız və ya əsasən azərbaycanlılar yaşayıblar: Zaven Korkotyanın "Son yüz ildə Sovet Ermənistanının əhalisi (1831-1931)" əsərinə əsasən, 1926-cı ildə kənddə hamısı azərbaycanlı olmaqla 88 nəfər, 1931-ci ildə isə 154 nəfər yaşayıb; A.P. Manvelyan və G.M. Martirosyanın "1831-1959-cu illərdə Ermənistan SSR-in yaşayış məntəqələri və əhalisi" əsərinə görə, 1959-cu ildə burada əsasən azərbaycanlılardan ibarət 234 nəfər qeydə alınıb; T.X. Akopyan, St.T. Məlik-Baxşyan və O.X. Barseqyanın "Ermənistanın və ətraf vilayətlərin toponimləri lüğəti"nə əsasən isə 1970-ci ildə kənddə 420, 1979-cu ildə 388, 1989-cu ildə isə 91 nəfər yaşayıb.

1980-ci illərin sonlarında ermənilərin Qarabağa dair ərazi iddiaları və iki respublika arasında münasibətlərin gərginləşməsi nəticəsində azərbaycanlılar Ermənistan SSR ərazisindən tamamilə qovulublar. Azərbaycanlıların deportasiyasından sonra kəndin ərazisinə ermənilər yerləşdiriliblər.

2021–2024-cü illərdə "Yoxa çıxmış sivilizasiya" kitabının hazırlanması çərçivəsində Ermənistan ərazisində, o cümlədən ucqar dağlıq bölgələrdə Azərbaycan irsinin müəyyən edilməsi və sənədləşdirilməsi üçün aparılan geniş sahə işləri zamanı kənddə məzar daşlarının bir hissəsinin salamat qaldığı, bəzilərinin isə təhqir olunduğu azərbaycanlı qəbiristanlığı aşkar edilib.

Qalereya

Mənbə: Baku.ws · 24.11.2026, 19:03 · orijinal məqalə

Bu barədə kim yazır

Report saytında oxu