"Mastercard" Azərbaycanda agent əsaslı ticarət sahəsində yeni həllər təqdim edəcək
· 1 mənbə
Bakı.Trend:
"Mastercard" yaxın vaxtlarda Azərbaycanda agent əsaslı ticarət (Agentic Commerce) sahəsində yeni həllər təqdim etməyi planlaşdırır.
Trend-in müxbirinin verdiyi məlumata görə, bunu "Mastercard"ın Türkiyə və Azərbaycan üzrə baş direktoru Onur Faydaçı çərşənbə axşamı Bakıda keçirilən X Beynəlxalq Bankçılıq Forumunda bildirib.
Onun sözlərinə görə, son 30 il ərzində dünyada üç böyük texnoloji transformasiya baş verib: internetin meydana çıxması, mobil tətbiqlərin inkişafı və süni intellektin tətbiqi.
Onur Faydaçı qeyd edib ki, Mastercard-ın qlobal araşdırmalarına əsasən, hər 100 təşkilatdan 78-i ən azı bir əməliyyat fəaliyyətində süni intellektdən istifadə edir.
“Maliyyə sektorunda bu göstərici 90 faizə çatır. "Mastercard" Azərbaycanın maliyyə sektorunda süni intellektə əsaslanan həlləri tətbiq edir. Xüsusilə, "Azericard" ilə əməkdaşlıq çərçivəsində şirkət bankların kredit skorinqinin təkmilləşdirilməsi və kredit qərarlarının daha dəqiq qəbul edilməsi məqsədilə süni intellektdən, məlumatlardan və müştərilərin davranışlarının təhlilindən istifadə edən həll təqdim edib. Bundan əlavə, banklardan biri ilə birgə borcların yığılması prosesinin optimallaşdırılması üçün süni intellektə əsaslanan həll tətbiq olunub. Bu həll qərarların qəbulunu təkmilləşdirməyə, bank nümayəndələrinin iş yükünü daha səmərəli bölüşdürməyə, borcların yığılması həcmini artırmağa və vaxtı keçmiş borcların səviyyəsini azaltmağa imkan verir”, - deyə o bildirib.
"Mastercard"ın rəhbəri, həmçinin müxtəlif bank proseslərinin optimallaşdırılması üçün nəzərdə tutulmuş süni intellekt əsaslı həllər toplusu olan "Agent Suite" istiqamətinin inkişafından danışıb. Onun sözlərinə görə, bu intellektual agentlər müştərilərin cəlb edilməsi, kredit skorinqi, əməliyyatların optimallaşdırılması, portfelin idarə edilməsi və borcların yığılması sahələrində tətbiq oluna bilər.
“Bu model çərçivəsində intellektual agentlər istehlakçıların adından məhsul seçə, təklifləri müqayisə edə və alış-veriş edə biləcəklər. "Mastercard" bu istiqamətin təhlükəsiz inkişafını təmin etmək üzərində çalışır. Süni intellekt inkişaf etdikcə, onun imkanlarının genişlənməsi ilə yanaşı, dələduzluq riskləri və kibertəhlükəsizlik təhdidləri də artır. Texnologiyaların genişmiqyaslı tətbiqi üçün onlar istifadədə sadə, müxtəlif yaş qruplarından olan insanlar üçün əlçatan, sürətli və hər şeydən əvvəl təhlükəsiz olmalıdır”, - deyə o əlavə edib.
Mənbə: Trend · 24.11.2026, 11:33 · orijinal məqalə