Məktəbi kimlər idarə etməlidir? – Dünya və bizdə bu məsələnin PƏRDƏARXASI

· 1 mənbə

Məktəb direktoru olmaq üçün yaxşı müəllim olmaq kifayətdirmi? Yüksək imtahan nəticəsi göstərən hər bir namizəd yüzlərlə şagirdin, onlarla müəllimin çalışdığı təhsil müəssisəsini uğurla idarə edə bilərmi?

Son illər Azərbaycanda məktəb direktorlarının fəaliyyətində aşkarlanan nöqsanlar, valideynlərin şikayətləri və bəzi rəhbərlərin vəzifələrindən azad edilməsi direktorların seçim meyarlarını yenidən müzakirə mövzusuna çevirir.

Lent.az Azərbaycanda məktəb direktorlarının seçilməsi mexanizmini, mövcud problemləri və dünyanın qabaqcıl təhsil sistemlərinin bu sahədəki təcrübəsini araşdırıb.

Azərbaycanda direktorlar necə seçilir?

Azərbaycanda dövlət ümumtəhsil müəssisələrinə direktorların işə qəbulu müsabiqə əsasında həyata keçirilir. Namizədlərin təhsili, pedaqoji stajı və qiymətləndirmə nəticələri nəzərə alınır.

2026-cı ildə keçirilən müsabiqələrdə namizədlər liderlik, strateji idarəetmə, pedaqoji fəaliyyət, təşkilatçılıq, ünsiyyət, qərarvermə, rəqəmsal və sosial-emosional bacarıqlar üzrə qiymətləndiriliblər.

Məktəblər şagird sayına görə də fərqləndirilir. Şagird sayı 500-dən çox olan təhsil müəssisələrinə direktor seçimi zamanı daha yüksək tələblər tətbiq olunur.

Bununla belə, müsabiqədə uğur qazanmaq direktorun gələcək fəaliyyətinin də uğurlu olacağına zəmanət vermir.

Azərbaycanda direktorlarla bağlı hansı problemlər yaşanır?

2025-ci ilin mayında Bakıda Məktəb-Lisey Kompleksi və 42 nömrəli tam orta məktəbdə keçirilən monitorinqlər zamanı direktorların fəaliyyətində ciddi nöqsanlar aşkarlanıb və onların əmək müqavilələrinə xitam verilib.

2026-cı ilin oktyabrında isə Şəmkirdə məktəb direktorunun əmək funksiyalarını lazımi səviyyədə yerinə yetirməməsi və müvafiq təlimatların tələblərini pozması səbəbindən işdən çıxarıldığı açıqlanıb.

Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyindəki bəzi müəssisələrdə aparılan maliyyə yoxlamaları zamanı isə əməkhaqqının hesablanması, ştatların komplektləşdirilməsi, dərnəklərin təşkili və qida təchizatı ilə bağlı nöqsanlar müəyyən edilib.

Bu faktlar məktəb direktorunun pedaqoji biliklərlə yanaşı, maliyyə, hüquq və insan resurslarının idarə edilməsi sahəsində də hazırlıqlı olmasının vacibliyini göstərir.

Dünyada məktəb direktorları necə hazırlanır?

UNESCO-nun 2024-2025-ci illər üzrə qlobal təhsil hesabatına əsasən, dünya ölkələrinin təhsil sistemlərinin 46 faizində direktor vəzifəsinə namizədlərdən təcrübə baxımından yalnız müəllimlik fəaliyyəti tələb olunur. 34 faizində isə həm pedaqoji, həm də idarəçilik təcrübəsi əsas şərtlərdəndir.

Qabaqcıl təhsil sistemlərində direktorların hazırlanmasına ayrıca peşəkar istiqamət kimi yanaşılır.

Finlandiya – Müəllimlik təcrübəsi və idarəçilik bacarığı

Finlandiyada məktəb direktoru olmaq istəyən şəxsin müəllimlik ixtisası, müvafiq iş təcrübəsi və təhsilin idarə edilməsi üzrə sertifikatı və ya ona bərabər hazırlığı olmalıdır.

Bu ölkədə məktəblərə və müəllimlərə geniş müstəqillik verilir. Direktorun əsas vəzifələrindən biri müəllimlərin peşəkar inkişafına və tədrisin keyfiyyətinin yüksəldilməsinə şərait yaratmaqdır.

Sinqapur – Direktorlar əvvəlcədən yetişdirilir

Sinqapurda liderlik potensialı olan müəllimlər müəyyənləşdirilir və onların mərhələli şəkildə idarəçilik vəzifələrinə yüksəlməsinə şərait yaradılır.

Məktəb rəhbərlərinin fəaliyyəti sistemli şəkildə qiymətləndirilir. Uğurlu direktorlar daha yüksək idarəçilik vəzifələrinə irəli çəkilə bilirlər.

İngiltərə – 18 aylıq xüsusi hazırlıq

İngiltərədə məktəb direktoru olmaq istəyənlər və yeni təyin olunmuş rəhbərlər üçün 18 aylıq peşəkar ixtisas proqramı mövcuddur.

Proqram məktəbin idarə olunması, tədrisin təşkili, kollektivlə münasibətlər və strateji qərarların qəbul edilməsi kimi istiqamətləri əhatə edir. Yeni direktorlar üçün birillik əlavə peşəkar dəstək proqramı da mövcuddur.

Estoniya – Vəzifələr bölüşdürülür

Estoniyada məktəb direktorları inzibati idarəetməyə cavabdeh olduqları halda, tədris üzrə rəhbərlər birbaşa təhsilin təşkili və keyfiyyəti ilə məşğul olurlar. Bu yanaşma bütün idarəçilik yükünün bir nəfərin üzərində cəmləşməsinin qarşısını almağa kömək edir.

Azərbaycanda kimlərə üstünlük verilməlidir?

Azərbaycanda direktor seçimi zamanı yüksək imtahan balı ilə yanaşı, real idarəçilik təcrübəsinə, kollektivdə qazandığı nüfuza və problemləri həll etmək bacarığına daha çox əhəmiyyət verilə bilər.

Uğurlu direktor müavinləri, liderlik qabiliyyəti ilə seçilən müəllimlər və təhsilin idarə edilməsi üzrə xüsusi hazırlıq keçmiş şəxslər potensial namizədlər kimi önə çıxmalıdırlar.

Namizədin yaşı, tədris etdiyi fənn və cinsi deyil, peşəkar keyfiyyətləri əsas götürülməlidir.

Direktorların təyinatından əvvəl təcrübəli məktəb rəhbərlərinin yanında praktiki hazırlıq keçməsi, fəaliyyətlərinin isə mütəmadi qiymətləndirilməsi məqsədəuyğun olardı.

Məktəb direktorunun işi yalnız ali məktəbə qəbul olunan şagirdlərin sayı ilə ölçülməməlidir. Məktəbdə psixoloji mühit, zorakılıq hallarının qarşısının alınması, müəllimlərin inkişafı, valideyn məmnuniyyəti və maliyyə şəffaflığı da qiymətləndirmə meyarlarına daxil edilməlidir.

Direktorların əməkhaqqı, səlahiyyətləri və məsuliyyəti arasında da balans yaradılmalıdır.

Azərbaycan üçün səmərəli yanaşmalardan biri Finlandiyanın peşəkar hazırlıq, Sinqapurun kadr yetişdirmə və İngiltərənin praktiki təlim modelinin yerli şəraitə uyğunlaşdırılması ola bilər.

Çünki məktəb direktorunun uğursuzluğu yalnız bir müəssisənin idarəçilik problemi deyil. Bu, yüzlərlə uşağın gələcəyinə təsir edən məsələdir. Məktəbə sadəcə vəzifə sahibi deyil, təhsil lideri lazımdır.

Mənbə: Lent.az · 25.11.2026, 15:35 · orijinal məqalə

Bu barədə kim yazır

Lent.az saytında oxu