Məleykə Abbaszadə tələbələrin şikayətini nəzarətə götürüb - İşçi qrup yaradılıb
· 2 mənbə
Bakı. Trend:
Bakı Dövlət Universitetinin (BDU) rektoru Məleykə Abbaszadə tələbələrin sosial mediada təhsil müəssisəsinin C bloku ilə bağlı müraciətini nəzarətə götürüb.
Rektor bu barədə özünün sosial şəbəkə hesabında məlumat verib.
"Tələbələrin universitet həyatında daha fəal iştirak etməsi və qarşılaşdıqları problemləri açıq şəkildə diqqətimizə çatdırması mənim üçün vacibdir. Bu həftə tələbələrimiz sosial mediada C bloku ilə bağlı müraciət ediblər. Məsələni nəzarətə götürmüşəm. Bu məsələ ilə bağlı ayırdığım işçi qrupu əraziyə baxış keçirəcək və nəticələrə uyğun olaraq müvafiq işlərə başlayacaq. Məsələni diqqətimizə çatdıran tələbələrə təşəkkür edirəm", - o qeyd edib.
BDU rektorunun sözlərinə görə, yaxın müddətdə hər bir fakültənin vəziyyəti, güclü tərəfləri, problemləri, kadr və elmi potensialı barədə obyektiv təsəvvür əldə etmək niyyətindədir.
"Bunun üçün həmkarlarımdan dürüst, peşəkar təhlil gözləyirəm. Problemi vaxtında görmək, onun haqqında açıq danışmaq və həlli üçün təklif vermək rəhbərlik məsuliyyətinin göstəricisidir", - o bildirib.
Mənbə: Trend · 27.11.2026, 11:20 · orijinal məqalə