Məzahir Pənahov "Antalya Beynəlxalq Seçki Forumu"nda iştirak edir
· 3 mənbə
Bakı. Trend:
Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov Türkiyənin Antalya şəhərində keçirilən Beynəlxalq Seçki Forumunda Azərbaycanın seçki təcrübəsi, seçki prosesində şəffaflığın təmin olunması və dezinformasiyaya qarşı mübarizə barədə danışıb.
Mərkəzi Seçki Komissiyası Katibliyinin Media və kommunikasiya şöbəsindən verilən məlumata görə, Məzahir Pənahovun rəhbərlik etdiyi MSK nümayəndə heyəti noyabrın 24-25-də keçirilən forumda iştirak etmək məqsədilə Türkiyəyə səfər edib. Səfər Türkiyə Yüksək Seçim Kurulunun sədri Serdar Muttanın dəvəti əsasında baş tutub.
Türkiyə Yüksək Seçim Kurulunun təşəbbüsü ilə təşkil olunan forumda müasir dövrdə seçki proseslərinə təsir göstərən qlobal tendensiyalar, seçki idarəçiliyi, qarşıya çıxan yeni çağırışlar, seçki qurumlarının media ilə münasibətləri və ictimaiyyətlə əlaqələri müzakirə olunur. Həmçinin seçkilərin hazırlanması və keçirilməsində şəffaflığın, eləcə də ictimaiyyətlə səmərəli kommunikasiyanın təmin edilməsi məsələlərinə diqqət yetirilir.
Forumda çıxış edən Məzahir Pənahov seçki prosesində aşkarlıq və şəffaflığın qorunmasının, media və ictimaiyyətlə səmərəli ünsiyyətin, seçki subyektlərinin maarifləndirilməsinin vacibliyini vurğulayıb.
O, Azərbaycanın seçki təcrübəsinə istinad edərək ölkənin seçki qanunvericiliyinin yaratdığı imkanlardan, müasir informasiya-kommunikasiya texnologiyalarının geniş tətbiqindən, müşahidəçilərin və media nümayəndələrinin seçki prosesində sərbəst iştirakından danışıb. MSK sədri, həmçinin ictimaiyyətin dəqiq və operativ məlumatlandırılması istiqamətində əldə olunan nailiyyətləri diqqətə çatdırıb.
M.Pənahov rəqəmsal mühitdə dezinformasiyaya qarşı mübarizənin və beynəlxalq təcrübə mübadiləsinin aktuallığını da xüsusi qeyd edib.
Səfər çərçivəsində MSK sədri Türkiyənin Yüksək Seçim Kurulunun rəhbəri ilə yanaşı, forumda iştirak edən xarici ölkələrin seçki idarəetmə orqanlarının rəhbərləri və beynəlxalq təşkilatların nümayəndələri ilə görüşlər keçirib. Görüşlərdə seçki sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi, qurumlararası əlaqələrin inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Ümumilikdə 23 ölkə və beynəlxalq qurumdan 75 nümayəndənin qatıldığı forum seçki idarəçiliyi sahəsində beynəlxalq dialoqun inkişafı, ali seçki qurumları arasında əlaqələrin möhkəmləndirilməsi, yeni əməkdaşlıq imkanlarının yaradılması və qabaqcıl təcrübələrin mübadiləsi baxımından əhəmiyyətli platforma kimi qiymətləndirilir.
Mənbə: Trend · 25.11.2026, 10:15 · orijinal məqalə