Mincivanda hərbi qulluqçulara xidməti mənzillərin orderləri təqdim edilib
· 2 mənbə
Mincivan qəsəbəsində inşa edilən xidməti mənzillərin orderləri hərbi qulluqçulara təqdim edilib.
Bu barədə BAKU.WS-ə Dövlət Sərhəd Xidmətindən (DSX) məlumat verilib.
Bildirilib ki, Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən Mincivan qəsəbəsində inşa edilmiş DSX-nin Sərhəd Qoşunlarının hərbi şəhərciyinin açılışı və xidməti mənzillərin orderlərinin təqdim edilməsi münasibətilə təntənəli mərasim keçirilib.
Mərasimdə dövlət başçısının sərhəd təhlükəsizliyinə və hərbi qulluqçuların sosial rifahına göstərdiyi yüksək diqqət və qayğı nəticəsində dövlət sərhəd boyunca genişmiqyaslı tikinti-quruculuq işlərinin həyata keçirildiyi, müasir tələblərə cavab verən sərhəd mühafizə infrastrukturunun yaradıldığı Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev tərəfindən xüsusi vurğulanıb.
İşğaldan azad edilmiş ərazilərdə müasir yaşayış komplekslərinin istifadəyə verilməsinin tarixi Zəfərin yaratdığı yeni reallıqların əyani ifadəsi, sərhədçilərə göstərilən dövlət qayğısının bariz nümunəsi olduğu qeyd edilib.
Üç hektara yaxın ərazidə salınmış, 54 mənzilli ikimərtəbəli binalardan ibarət şəhərcikdə hərbi qulluqçuların və onların ailə üzvlərinin rahat yaşayışı üçün hərtərəfli şərait yaradılıb. Müasir standartlara uyğun təmir edilmiş mənzillər mebel və zəruri məişət avadanlıqları ilə təchiz olunmuş, ərazidə geniş abadlıq işləri aparılmış, istirahət parkı salınıb.
Mərasimin sonunda DSX-nin rəhbərliyi tərəfindən hərbi qulluqçulara xidməti mənzillərin orderləri təqdim edilib. Tədbir çərçivəsində hərbi şəhərciyin ərazisində yaşıllaşdırma məqsədilə ağacəkmə aksiyası keçirilib.
Qalereya
Mənbə: Baku.ws · 27.11.2026, 12:06 · orijinal məqalə