“Monetri” BOKT 13%-lə 1 milyon manatlıq borc cəlb edir

· 1 mənbə

“Monetri” Bank Olmayan Kredit Təşkilatı (BOKT) 1 milyon manat həcmində istiqraz emissiyası həyata keçirəcək. Buraxılış çərçivəsində hər birinin nominal dəyəri 100 manat olan 10 min ədəd təminatsız, faizli, sənədsiz adlı istiqraz yerləşdiriləcək. İstiqrazların illik faiz dərəcəsi 13%, tədavül müddəti 12 aydır.

Banker.az xəbər verir ki, istiqrazların “Bakı Fond Birjası” QSC-də kütləvi təklif üsulu ilə yerləşdirilməsi nəzərdə tutulur. Bu, ümumi həcmi 3 milyon manat olan emissiyanın ilk buraxılışıdır.

Emissiyadan əldə ediləcək vəsait “Monetri” BOKT-un kredit portfelinin genişləndirilməsinə və kreditləşmə fəaliyyətinin maliyyələşdirilməsinə yönəldiləcək. Şirkət istiqraz buraxmaqla bank kreditlərindən asılılığı azaltmağı və birbaşa investorlardan maliyyə resursları cəlb etməyi planlaşdırır. İstiqrazların yerləşdirilməsi üzrə anderrayter “İnno Kapital İnvestisiya Şirkəti” ASC olacaq.

“Monetri” BOKT fiziki şəxslərə, fərdi sahibkarlara və hüquqi şəxslərə kredit xidmətləri göstərir. Təşkilatın əsas fəaliyyət istiqamətlərinə istehlak kreditləri, qızıl və daşınmaz əmlak təminatlı kreditlər, lizinq və digər maliyyələşdirmə məhsulları daxildir. Şirkət əvvəllər “PSG Finans” adı altında fəaliyyət göstərib. “Monetri” həmçinin “TBC Kredit” BOKT-un kapitalında 100%-lik iştirak payına malikdir.

“Monetri” BOKT-un nizamnamə kapitalı 10 mln. manatdır. Şirkətin 83%-lik payı Birləşmiş Ərəb Əmirliklərində qeydiyyatdan keçmiş “Practical Solutions Middle East FZ LLC” şirkətinə məxsusdur. Digər iki iştirakçı – Faiq Məmmədov və “Çaparxana Kəndli Fermer Təsərrüfatı” MMC-nin hər biri 8,5% paya sahibdir. Şirkətin iştirakçılarının pay bölgüsü 2026-cı ilin sentyabrında dəyişib.

“Monetri” BOKT 2026-cı ilin ilk yarısını 1,57 milyon manat xalis mənfəətlə başa vurub. İyunun sonuna aktivləri 2025-ci ilin sonu ilə müqayisədə 10,4% artaraq 38,86 milyon manat, ümumi kapitalı isə 21% artaraq 29,41 milyon manat təşkil edib. Öhdəlikləri eyni dövrdə 13,3% azalaraq 9,45 milyon manata düşüb. Xalis kredit portfeli 3,9% artaraq 30,19 milyon manata çatıb. Şirkət 2025-ci ili isə illik müqayisədə 35,1% çox – 5,44 milyon manat xalis mənfəətlə tamamlayıb.

Mənbə: Banker.az · 24.11.2026, 16:56 · orijinal məqalə

Bu barədə kim yazır

Banker.az saytında oxu