Mourinyo: "Süni intellektin dedikləri cəfəngiyyatdır!"

· 1 mənbə

“Real Madrid”in baş məşqçisi Joze Mourinyo komandasının Çempionlar Liqasının əsas favoritlərindən biri kimi göstərilməsinə ehtiyatla yanaşıb.

Publika.az xəbər verir ki, Madrid təmsilçisi PSV-ni 5:1 hesabı ilə məğlub edərək turnirin liqa mərhələsində ardıcıl beşinci qələbəsini qazanıb. Beləliklə, 15 xalla turnirdə bütün oyunlarını qələbə ilə başa vuran yeganə komanda olaraq liderliyini möhkəmləndirib.

Lakin Mourinyo bu nəticələrin komandanı avtomatik olaraq kubokun əsas favoritinə çevirmədiyini bildirib. O, süni intellektin turnirin qalibi ilə bağlı proqnozlarını da sərt şəkildə tənqid edib.

“Çempionlar Liqasının qalibi barədə danışmaq hələ tezdir. Komandaların həlledici mərhələyə hansı vəziyyətdə çatacağını bilmirik. Bəziləri bizi favoritlərdən biri hesab edir, süni intellektin dedikləri isə cəfəngiyyatdır. Addım-addım irəliləməliyik”, – deyə mütəxəssis “Alaves”lə oyun öncəsi mətbuat konfransında söyləyib.

Portuqaliyalı çalışdırıcı hazırda əsas məqsədinin pley-off mərhələsinə düşməmək olduğunu vurğulayıb. Onun sözlərinə görə, komandanın sıx oyun qrafiki nəzərə alınarsa, əlavə iki qarşılaşmadan yayınmaq böyük üstünlük olacaq.

Mourinyo bildirib ki, pley-off mərhələsini keçmək üçün daha 3-4 xal toplamaq vacibdir. Komandanı İspaniya Superkuboku və Kral Kubokunda da oyunlar gözlədiyindən əlavə matçlar futbolçuların yükünü artıra bilər.

Baş məşqçi Çempionlar Liqasında nəticələrə təsir edən digər amillərə də diqqət çəkib. O, zədələrin və cəzalı futbolçuların turnirin həlledici mərhələsində ciddi rol oynaya biləcəyini qeyd edib. Mourinyonun sözlərinə görə, “Bayern” Harri Keyni, PSJ isə Xviça Kvaratsxeliya və Dezire Due kimi futbolçuları itirib.

“Çempionlar Liqasında çox vaxt kiçik detallar həlledici olur. Qarşıda çoxlu qeyri-müəyyənlik var”, – deyə o əlavə edib.

Qeyd edək ki, “Real Madrid” noyabrın 29-da La Liqada “Alaves”lə qarşılaşacaq. Madrid klubu dekabrın 9-da isə Çempionlar Liqasında “Arsenal”ı qəbul edəcək.

Mənbə: Publika.az · 28.11.2026, 09:46 · orijinal məqalə

Bu barədə kim yazır

Publika.az saytında oxu