Nazirlikdən əhaliyə xəbərdarlıq: Sabah bu təhlükələr gözlənilir
· 1 mənbə
Fövqəladə Hallar Nazirliyi (FHN) noyabrın 25-də gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib.
Milli.Az xəbər verir ki, nazirlik güclü külək, intensiv yağış, sel və daşqın təhlükəsi ilə bağlı vətəndaşlara bir sıra təhlükəsizlik qaydalarına əməl etməyi tövsiyə edib.
Milli Hidrometeorologiya Xidmətinin proqnozuna əsasən, sabah ölkə ərazisində, o cümlədən Bakıda və Abşeron yarımadasında güclü külək əsəcək, bəzi ərazilərdə intensiv yağış yağacaq. Ayrı-ayrı dağ çaylarından qısamüddətli sel və daşqın keçəcəyi, şimşək çaxacağı gözlənilir.
FHN güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, binalardan və reklam lövhələrindən uzaq durmağı, elektrik dirəklərinin, naqillərinin və hündür ağacların altında dayanmamağı tövsiyə edib. Həmçinin küləkli havada yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət olunmasının vacibliyi vurğulanıb.
Kiçikhəcmli gəmi istifadəçilərinə isə belə hava şəraitində dənizə çıxmağın qadağan olduğu xatırladılıb.
Nazirlik intensiv yağıntılar nəticəsində çaylarda yarana biləcək sel və daşqınlardan, eləcə də subasmadan qorunmaq üçün təhlükəli ərazilərdən uzaq durmağa çağırıb. Belə təhlükə ilə üzləşən şəxslərin dərhal yaxınlıqdakı yüksəkliyə qalxması və xilasedicilərin göstərişlərinə əməl etməsi tövsiyə olunub.
İldırım təhlükəsindən qorunmaq üçün isə elektrik cihazlarını şəbəkədən ayırmaq, ildırım çaxarkən telefonla danışmamaq, elektrik xətlərindən, ildırımötürücülərdən və antenalardan uzaq durmaq lazımdır. Açıq ərazidə hündür ağacların altında daldalanmaq olmaz. Avtomobildə olanlara hərəkəti dayandıraraq şüşələri qaldırmaq və ildırım təhlükəsi sovuşana qədər gözləmək məsləhət görülüb.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
Mənbə: Milli.az · 24.11.2026, 16:32 · orijinal məqalə