“Onların bu mövzuda fikir bildirməsi obyektivliyə xələl gətirə bilər”
· 1 mənbə
“Bu dərslikdəki səhv deyil, pedaqoji yanaşmadır”.
“Qafqazinfo” xəbər verir ki, bunu Fizika və təbiət dərsliklərinin həmmüəllifi Yalçın İslamzadə “Azərbaycan Jurnalistlər Şəbəkəsi” İctimai Birliyinin təşkilatçılığı ilə “Elm və təhsil sahəsi üzrə media savadlılığının artırılmasına dəstək” layihəsi çərçivəsində jurnalistlər üçün təşkil olunan təlimdə bildirib.
O bildirib ki, dərsliklər hazırlanarkən beynəlxalq təcrübə ilə yanaşı, şagirdlərin yaş xüsusiyyətləri də əsas meyar kimi nəzərə alınır: “Dərslik mövzuları siniflər üzrə bölünərkən ilk növbədə yaşa uyğunluq əsas götürülür. Bu zaman akademik dəqiqlik baxımından müəyyən güzəştlərə gedilir. Beynəlxalq dərsliklərin hazırlanmasında və kurikulumlarda da bu qəbul olunmuş pedaqoji normadır”.
Yalçın İslamzadə qeyd edib ki, beynəlxalq təcrübədə təbiət elmləri ibtidai siniflərdən etibarən ayrıca fənn kimi tədris olunur, yuxarı siniflərdə isə şagirdlərin yaşına və təhsil istiqamətinə uyğun olaraq fizika və digər texniki fənlərin məzmunu mürəkkəbləşdirilir.
O həmçinin dərsliklərlə bağlı ictimai müzakirələrə toxunaraq bildirib ki, belə məsələlərdə obyektiv mövqenin formalaşması üçün müzakirədə iştirak edən şəxslərin mövzu üzrə səriştəsi vacibdir. Təhsil proqramı və dərsliklərin hazırlanması prosesində iştirak etməyən şəxslərin bu mövzuda fikir bildirməsi müzakirənin obyektivliyinə xələl gətirə bilər.
“Dərsliklərlə bağlı ajiotajın böyük hissəsi diqqət çəkmək istəyindən qaynaqlanır. Dərsliklər ictimai müzakirəyə çıxarılır, müəllimlərin təklifləri dinlənilir və paralel olaraq pilot layihələr çərçivəsində sınaqdan keçirilir. Bu prosesdə müxtəlif qurumların mütəxəssisləri ilə yanaşı, müəllimlərin də iştirakı təmin olunur”.
Y.İslamzadə qeyd edib ki, müzakirələr zamanı konstruktiv yanaşma və peşəkar təkliflər nəzərə alınır.
Onun sözlərinə görə, dərsliklərdə aşkar olunan nöqsanlar növbəti nəşrlərdə aradan qaldırıla bilər və hər iradı ictimai ajiotaja çevirmək əvəzinə, konstruktiv müzakirə aparmaq lazımdır.
Gülnar Əliyeva
Mənbə: Qafqazinfo · 26.11.2026, 16:02 · orijinal məqalə