Onur Faydacı: "Azərbaycanda agentik ticarətlə bağlı böyük yeniliklər gözlənilir"

· 1 mənbə

"Mastercard" beynəlxalq kart təşkilatı Azərbaycanda agentik ticarət (Agentic Commerce) sahəsində yeniliklərin tətbiqini planlaşdırır.

"Report" xəbər verir ki, bu barədə "Mastercard"ın Türkiyə və Azərbaycan üzrə baş direktoru Onur Faydacı "X Beynəlxalq Bank Forumu" çərçivəsində bildirib.

O, agentik ticarət istiqamətində yaxın gələcəkdə Azərbaycana aid mühüm xəbərlərin paylaşılacağına inanır.

O.Faydacı qeyd edib ki, forumun əsas gündəliyini texnologiya, innovasiya, etibar və davamlılıq məsələləri təşkil edir. Onun fikrincə, etibar olmadan texnologiyanın miqyasını böyütmək olduqca çətindir. Texnologiyanın kütləvi şəkildə mənimsənilməsi üçün ilk növbədə sadəlik və istifadə rahatlığı, hər yaşdan olan insanların asanlıqla faydalana bilməsi, həmçinin sürətlilik və etibarlılıq şərtdir.

Baş direktor vurğulayıb ki, süni intellektin inkişafı ilə paralel olaraq onun müsbət imkanları artdığı kimi, təəssüf ki, təhlükəsizlik zəiflikləri, dələduzluq (fraud) və kibertəhlükəsizlik riskləri də həndəsi silsilə ilə çoxalır.

Maliyyə xidmətlərinin istifadəçiləri arasında keçirilən sorğuların nəticələrinə əsasən, hər 100 vətəndaşdan 78-i sürətdən daha çox etibara önəm verir. Bundan əlavə, təhlükəsizlik boşluğu müəyyən edilən tətbiqdən əvvəllər yararlanan 100 nəfərdən 91-i sonradan həmin tətbiqə bir daha müraciət etmir. Səbəb isə şəxsi məlumatlarının risk altına düşəcəyi narahatlığıdır.

O.Faydacı əlavə edib ki, yeni texnologiya və innovasiyaların geniş miqyasda tətbiqini reallaşdırmaq məqsədilə təhlükəsizlik sahəsinə yönəlmiş investisiyalar artırılacaq. Tənzimləyici qurum və banklar ilə birgə texnologiyaların təhlükəsizliyinin təmin olunması istiqamətində bütün zəruri addımlar atılacaq.

Mənbə: Report · 24.11.2026, 11:11 · orijinal məqalə

Bu barədə kim yazır

Report saytında oxu