Osimhen təklif gözləyir – Qərarını yayda verəcək

· 1 mənbə

“Qalatasaray”ın nigeriyalı hücumçusu Viktor Osimhenin gələcəyi ilə bağlı qərarı məlum olub. İngiltərə Premyer Liqasında çıxış etmək istəyən futbolçu yanvar transfer pəncərəsində İstanbul klubunu tərk etməyi düşünmür.

Publika.az xəbər verir ki, bu barədə “TEAMtalk” nəşri məlumat yayıb.

Məlumata görə, hücum xəttini gücləndirmək istəyən “Mançester Yunayted” Osimheni yenidən transfer siyahısına daxil edib. İngiltərə klubu yanvar ayında yeni hücumçu, sol cinah müdafiəçisi və sol mərkəz müdafiəçisi almağı planlaşdırır.

27 yaşlı forvardın Premyer Liqada oynamaq arzusunda olduğu və İngiltərə çempionatını dünyanın ən güclü liqası hesab etdiyi bildirilir. “Mançester Yunayted”in yeni baş məşqçisi Maurisio Poçettino da komandaya hücum xəttində liderlik edə biləcək məhsuldar futbolçu gətirmək istəyir.

Bununla belə, yanvarda transferin reallaşması çətin görünür. “Qalatasaray”ın 2029-cu ilə qədər müqaviləsi olan ulduz futbolçusunu mövsümün ortasında buraxmaq niyyətində olmadığı bildirilir. İstanbul təmsilçisi həm Türkiyə çempionluğu, həm də avrokuboklardakı hədəfləri baxımından Osimheni heyətdə saxlamağı planlaşdırır.

Nigeriyalı hücumçunun da mövsümün sonuna qədər “Qalatasaray”da qalmağa müsbət yanaşdığı vurğulanır. Onun gələcəyi ilə bağlı yekun qərarı isə yay transfer pəncərəsində verməsi gözlənilir. Qeyd olunur ki, futbolçunun müqaviləsində sərbəstqalma maddəsi yoxdur.

“Mançester Yunayted” Osimhenlə yanaşı, daha iki hücumçunun xidmətində maraqlıdır. Bunlar “Monako”da çıxış edən Folarin Baloqun və Səudiyyə Ərəbistanının “Əl-Əhli” klubunun futbolçusu İvan Tonidir.

Nəşrin transfer müxbiri Qrem Beylinin məlumatına görə, bu hücumçulardan birinin transferi Coşua Zirkzenin komandadan ayrılması ilə nəticələnə bilər. Benjamin Şeşkonun zədədən qayıtması da niderlandlı futbolçunun gələcəyi ilə bağlı vəziyyətə təsir edə bilər.

Qeyd edək ki, Osimhen “Qalatasaray”ın heyətində indiyədək 85 oyunda 69 qol vurub və 19 məhsuldar ötürmə ilə yadda qalıb.

Mənbə: Publika.az · 27.11.2026, 01:11 · orijinal məqalə

Bu barədə kim yazır

Publika.az saytında oxu