Qazaxıstanda "Kazatomprom"un idarə heyətinin üzvləri saxlanılıb
· 1 mənbə
Qazaxıstanın Milli Təhlükəsizlik Komitəsi "Kazatomprom" SC-nin idarə heyətinin üzvü - baş istehsalat direktoru Kuanış Omarbekovun saxlanıldığını bildirib.
"Report" xəbər verir ki, bu barədə Qazaxıstan mediası Milli Təhlükəsizlik Komitəsinə istinadən məlumat yayıb.
Hazırda Qazaxıstan Cinayət Məcəlləsinin 367-ci maddəsinin 4-cü hissəsi ("Xüsusilə külli miqdarda və ya cinayətkar qrup tərəfindən rüşvət vermə") üzrə məhkəməyəqədər istintaq aparılır. Bu arada, "Kazatomprom" idarə heyəti üzvlərinin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi barədə məlumat yayıb. Kuanış Omarbekov və Vladislav Bayqujinin adları çəkilib. Bayqujin - baş kommersiya direktoru, idarə heyətinin üzvüdür.
"Direktorlar Şurasının 24 noyabr 2026-cı il tarixli qərarı ilə "Kazatomprom"un idarə heyətinin üzvləri: baş kommersiya direktoru Bayqujin Vladislav Yerxanoviçin və baş istehsalat direktoru Omarbekov Kuanış Altınbekoviçin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilib. Qeyd olunan rəhbərlərin funksional vəzifələri şirkət rəhbərliyi daxilində vəzifə və səlahiyyətlərin bölüşdürülməsinə dair daxili prosedurlara uyğun olaraq yenidən bölüşdürülüb.", - şirkətdən bildirilib.
Qeyd olunub ki, 2026-cı il noyabrın 23-də Milli Təhlükəsizlik Komitəsinin Korrupsiyaya qarşı Mübarizə Xidməti tərəfindən Omarbekov və digər şəxslər saxlanılaraq müvəqqəti saxlama təcridxanasına yerləşdirilib. Məlumatda bildirilib ki, onlar "Samruk-Kazına"nın keçmiş rəhbərliyi tərəfindən təşkil edilmiş korrupsiya sxemində iştirakda şübhəli bilinirlər.
Noyabrın 12-də MTK "Samruk-Kazına" dövlət holdinqinin idarə heyətinin sədri Nurlan Jakupovu və "Qazaxıstan Dəmir Yolları" milli şirkətinin idarə heyətinin sədri Eljas Otınşiyevi, habelə "korrupsiya cinayəti törətməkdə şübhəli bilinən" digər şəxsləri saxlayıb.
Mənbə: Report · 25.11.2026, 11:56 · orijinal məqalə